“Köhnə avtobusları dərhal xətdən çıxarmaq çətin məsələdir. Avtobusları yeniləmək üçün daşıyıcıların da müəyyən avtoparkları olmalıdır. Cari il ərzində də tərəfimizdən həmin avtobusların yenilənməsi istiqamətində müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub”.
“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.
O qeyd edib ki, son illərdə dövlət tərəfindən mindən artıq avtobus paytaxta gətirilib: “Bundan başqa, digər daşıyıcılar tərəfindən 400-dən çox avtobus paytaxta gətirilib. Bu yeni avtobuslar mərhələli şəkildə xəttə çıxarılır”.
“Qeyd edim ki, hazırda müasir standartlara cavab verən 115 avtobus sıxılmış təbii qazla işləyir və onlar ekoloji təmizdir. Bizim əsas təşviqimiz də avtobusların yenilənməsi zamanı ekoloji təmiz avtobusların alınaraq xətdə buraxılmasına nail olmaqdır”, - deyə o vurğulayıb.
E.Məcidov həmçinin deyib ki, hazırkı sərnişindaşıma səviyyəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini müəyyən mənada qane etmir:
“Çünki hələ də müəyyən avtobusların istismar vəziyyəti qənaətbəxş deyil, onlar müasir tələblərə cavab vermir. Hazırda Bakı şəhərində müntəzəm marşrutlar üzrə təxminən 2 min avtobus istismar olunur. İstismarda olan bu avtobusların təxminən 1200-ə qədəri müasir tələblərə cavab verir. Digər avtobuslarda ya soyutma sistemi yoxdur, ya da alçaq döşəməli deyil. Bundan başqa, ili köhnə olan avtobuslar da var ki, onların da istismar müddəti artıq bitib”.