İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və bu şərəfli, həmçinin məsuliyyətli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıram.

Ümidvaram ki, Polşa ilə Azərbaycan arasında uzunmüddətli dostluq və məhsuldar əməkdaşlıq bundan sonra da dinamik inkişaf edərək həm dövlətlərimizə, həm də xalqlarımıza nəzərəçarpacaq faydalar gətirəcəkdir. Həmçinin ümid edirəm ki, ölkələrimiz arasında intensiv siyasi dialoqun davam etdirilməsi və ikitərəfli münasibətlər xüsusən də iqtisadi sahədə birgə layihələrin və öhdəliklərin həyata keçirilməsi yolu ilə davamlı şəkildə inkişaf etdiriləcəkdir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin yeni əməkdaşlıq Sazişi çərçivəsində daha da dərinləşəcəyinə və bunun ikitərəfli sahədə də nəzərəçarpacaq faydalar gətirəcəyinə ümidvaram.

Cənab Prezident, arzu edirəm ki, növbəti səlahiyyət müddətinizdə Azərbaycanın hərtərəfli inkişafı, ölkənin beynəlxalq aləmdə imicinin möhkəmləndirilməsi üçün nəzərdə tutduğunuz bütün proqramları həyata keçirəsiniz.

Bundan əlavə, mən Sizin üçün əlverişli vaxtda Polşaya rəsmi səfər dəvətimi bir daha təsdiq edirəm.

Cənab Prezident, Sizə cansağlığı, Azərbaycan Respublikasının möhkəmlənməsi və onun bütün vətəndaşlarının firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.

16:07

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək dost ölkələrimizi birləşdirən sıx əlaqələrdən məmnunluğumuzu ifadə edirəm. Bu əlaqələrin ölkələrimizin ortaq mənafeyi naminə daha da inkişaf etdirilməsi və gücləndirilməsinə olan əzmimizi bir daha vurğulayıram.

Zati-aliləri, Sizə cansağlığı və uğurlar, Azərbaycan Respublikasına və xalqına davamlı inkişaf və tərəqqi arzulayıram.

Dərin hörmət və ehtiramımı qəbul edin”.

14:19

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az-ın xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri, cənab Prezident.

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

İlk dəfə olaraq seçkinin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qardaş Azərbaycanın bütün ərazisində keçirilməsi mühüm tarixi hadisə kimi qiymətləndirilir.

Xalqın rifahına və ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu siyasəti təmin etməyə, respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə qadir lider kimi növbəti dəfə bu şərəfli vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə və siyasi kursunuza olan etimadının bariz nümunəsidir.

Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar diləyirəm”.

12:53

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Zati-alinizə inamının bir daha təsdiqi münasibətilə Sizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdan məmnunluq hissi duyuruq.

Bəhreyn Krallığı və Azərbaycan Respublikası arasında bizim də diqqət yetirdiyimiz və yüksək dəyərləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ölkələrimiz və xalqlarımızın maraqları naminə bu əlaqələri bütün sahələrdə möhkəmləndirmək istiqamətində Zati-alinizlə işləməyə ümidvarıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.

11:27

Fevralın 13-də Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AZƏRTAC xəbər verir ki, Maya Sandu İlham Əliyevi prezident seçkisində qələbə münasibətilə təbrik edib, ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

0.09858512878418