Bakıda qadın küçədə öldürüldü: Keçmiş əri tutuldu -TƏFƏRRÜAT - YENİLƏNİB + FOTO

Bakıda küçədə keçmiş əri tərəfindən öldürülən qadının qətlinin təfərrüatları bəlli olub.

APA xəbər verir ki, Rövşən Quliyevin anası Hənifə Quliyeva oğlunun Sevinc İbrahimova ilə üç il öncə boşandığını deyib.

Sevinc, Rövşən və keçmiş qaynanasının birgə yaşadığı evə iki övladını görmək üçün gəlib.

Rövşən isə onu namusuzluqda ittiham edərək uşaqlarla görüşünə imkan verməyib.

Daha sonra keçmiş ər qadına küçədə 6 bıçaq zərbəsi vurub. Qeyd edək ki, cütlüyün birgə nigahdan 14 və 6 yaşlı övladları var.

20:29

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 13-ü saat 18 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Sevinc İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 1985-ci il təvəllüdlü Rövşən Quliyevin Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Sevinc İbrahimovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

18:30

Bakı şəhərinin Nərimanov rayonunda fevralın 13-də qadın keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə saat 17:30 radələrində baş verib, sözügedən ərazidə küçələrin birində Sevinc Rəfail qızı İbrahimova qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Rövşən Eldar oğlu Quliyev saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

0.069238185882568