Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Latviyanın daxili işlər naziri Rihards Kozlovskis ilə görüş keçirib.
Səfirlikdən verilən məlumata görə, Elnur Sultanov cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirərək Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini və əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.
R.Kozlovskis iki ölkə arasında ali və yüksək səviyyələrdə həyata keçirilmiş səfərlərin əhəmiyyətini qeyd edərək Azərbaycanın Latviya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaş olduğunu bildirib.
Görüş əsnasında hüquq-mühafizə sahəsində Azərbaycan və Latviya arasında mövcud olan əməkdaşlığın cari vəziyyəti və inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılıb.