“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində qələbə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.
hakimiyyet.az xəbər verir ki, Ağdam təmsilçisinin Portuqaliyada yerli “Braqa” klubuna 4:2 hesabı ilə qalib gəlməsi ölkəmizin reytinqinə daha 0,500 əmsal əlavə edib.
Nəticədə ölkənin cari mövsümdəki əmsalı 5,375-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,625-ə bərabərdir. Bununla Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq, 27-ci pilləyə yüksəlib. Hər iki ölkə eyni əmsala malikdir. Lakin klublarımızın cari mövsüm daha çox xal toplamaları irəliləməyimizə yol açıb.
Baş tutan qarşılaşmalar Azərbaycanla yanaşı, Avstriyanın da irəliləməsinə, Slovakiya və İsveçin isə geriləməsinə səbəb olub.
Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,364) ikinci, İtaliya (83.998) isə üçüncü pillədə qərarlaşıb.