Gənc nəslin qarşısında duran problemlər və onların həlli yolları dəyişir.
Bu barədə “Report”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili departamentinin müdiri, professor Tahirə Allahyarova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tarixi nitqində Vətən müharibəsindən sonra yaranan geosiyasi reallıqda yeni milli ideoloji quruculuğun fundamental parametrlərini müəyyən etdi: “Hər bir xalqın varlığının qarantı adlandırılan milli-mənəvi dəyərlər, milli kimlik, ümumilikdə ideoloji məsələləri, xüsusilə XXI əsrdə geosiyasi mübarizənin başlıca arenasına çevrilib. Sözügedən məsələlərin dövlət başçısının tarixi çıxışındakı prioritet məsələlər sırasında ordu quruculuğundan sonra ikinci sırada yerləşdirilməsi olduqca önəmli sayılmalıdır. Prezident, ümumilikdə, cəmiyyətdə, o cümlədən gənc nəsildə mənəvi dəyərlərin qorunması, milli kimliyin formalaşması prosesləri və onun formalaşdırılması imkanları, habelə bu proseslərdə cəmiyyətin rolu və onlarla bağlı risklər barədə dövlətimizin ümumi baxışlarının müzakirəsi ilə bağlı önəmli mesajlar verdi”.
Professor bildirib ki, hazırkı dövrdə dəyərlər və kimliklər geosiyasi aktorların əlində fundamental siyasi təzyiqin hədəfinə, informasiya və manipulyasiya isə onun alətinə çevrilib: “Bu gün biz, habelə sabahımız olan gəncliyimiz qloballaşma və informasiya inqilabının qeyri-sabit kimlik, multiidentiklik, kimlik boşluqları kimi səciyyələnən “daimi heç nə yoxdur, hər şey nisbi, keçicidir” şüarının təbliğ edildiyi bir mərhələsində yaşayırıq. Bu ideologiyanın, ilk növbədə, qlobal güclərin, transmilli korporasiyaların maraqlarına cavab verməsi ümumən məlum olsa da, zəfərimizdən sonra xüsusilə Azərbaycana qarşı səfərbər olan qlobal erməni şəbəkəsi və onların himayədarlarının hazırda bütün qüvvəsini sərf etdiyi bir sahədir. Əksəriyyəti bəlli olan bu mərkəzlər, xarici və ziyanlı ideoloji yanaşmalardan Azərbaycan dövlətinin milli maraqlarına qarşı çıxmaq, qalib kimliyini zəiflətmək, ən vacibi, millilik konseptinin təməlinin fövqündə duran kvazimilli (kosmopolitizm və s.) kimliklər yaratmaq üçün sui-istifadə edirlər. Burada məqsəd hər bir xalqın milli varlığının qarantı olan mənəvi dəyərlərin zəiflədilməsi, kimliklərin nisbətində milli kimliyin statusunun tamamilə heçə endirilməsi, ziyanlı ideoloji təlimlərin gücləndirilməsi yönündə fasiləsiz ideoloji təbliğatın aparılmasıdır”.
T.Allahyarova vurğulayıb ki, ümumi milli-mənəvi dəyərlər adlanan fundamental idoeloji konseptlərin çətiri altında hərbi-vətənpərvərlik dəyərləri müstəsna yer tutur: “Prezident qalib ordumuzda, Silahlı Qüvvələrdə mənəvi-psixoloji vəziyyətin ən ali səviyyədə olmasını vurğulamaqla yanaşı, onu qorunması və daha da möhkəmləndirilməsi üçün tövsiyələrini verdi. Bir fenomen olaraq gənclərin hərbi-vətənpərvərlik fəaliyyətinin dəyərlərinə Vətənə məhəbbət, Silahlı Qüvvələrdə xidmətin nüfuzunu yüksəltmək, hərbi anda sədaqət, Vətən naminə şücaət göstərməyə hər an hazır olmaq, Zəfər yazan qəhrəmanlara, şanlı tariximizə, Vətən müharibəsindəki misilsiz rəşadətə ülvi münasibətin gənclərin kollektiv yaddaşına həkk edilməsi və s. daxildir. Son dərəcə təqdirəlayiq faktdır ki, Sosial Tədqiqatlar Mərkəzinin apardığı ictimai rəy sorğularında hərbçi peşəsi, Silahlı Qüvvələrdə xidmət gənclərin peşə seçimlərində bir və ya ikinci yerlərdə durur. Bu zəfərimizin, qalib kimliyimizin yaratdığı olduqca önəmli yeni bir reallıqdır” .
Ekspert söyləyib ki, Azərbaycan xalqı ilk müstəqil nəslinin öz tarixi qəhrəmanlıq missiyasını tam layiqli şəkildə yerinə yetirməsinə şahidlik etdi: “Müstəqilliyimizin yaşıdı olan, torpaqlarımızın işğalı ilə eyni vaxtlarda, olduqca ağır dönəmlərdə dünyaya gələn, bir qismi milyondan çox qaçqın ailəsində yetişən Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində qazanılan qələbəmizin fundamental gücünə çevrildi, şəhidlik zirvəsinnə ucaldı. Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyünü bərpa edərək özünün xələfləri olacaq gələcək nəsilləri ağır işğal yükünü daşımaqdan azad etdi. Bununla yanaşı, həyat davam edir və müstəqil Azərbaycan gəncliyinin ilk nəsli gəncliyinin ənənəvi yaş həddini tərk edir, yetkinlik mərhələsinə daxil olur”.
STM rəsmisi diqqətə çatdırıb ki, müasir nəslin missiyası başlıca olaraq, regionun lider dövləti kimi Azərbaycanın müstəqilliyinin, qüdrətli, firavan gələcəyinin əbədi olaraq təmin edilməsi və daha da inkişaf etdirilməsidir: “Öz növbəsində, bu vəzifələrin öhdəsindən yalnız güclü milli-mənəvi dəyərlər, təməllər üzərində formalaşan gənclik gələ bilər. İstər dünyada, istərsə də Azərbaycanda baş verən ictimai-siyasi proseslər dəyişdikcə yeni nəsil gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişir, yenilənir. Gəncliyə münasibətdə strategiyanın elmi əsaslı təhlili nəticəsində alınan qənaətlər, baş verən köklü ictimai-siyasi transformasiyalar və ölkənin inkişaf perspektivləri prizmasında nəinki təkcə müəyyən korreksiyaları, ən vacibi, gənclərə münasibətin yeni modelini - yeni gənclər siyasətinin fortmalaşmasını tələb edir”.
Azərbaycan dövlətinin yeni gənclər siyasətinə yönələn Tahirə Allahyarovanın fikrincə, prioritet hədəflər yalnız gənclərin fiziki sağlamlıq, sosial rifah səviyyəsini artırmağa yönəlməklə kifayətlənməyəcək: “Müvafiq olaraq gənclərimizin dəyərlər sisteminin, onların transformasiyaya uğradığı hazırkı mürəkkəb dövrdə milli və mənəvi dəyər oriyentasiyalarının düzgün müəyyən edilməsi də dövlət siyasətinin ana xəttini təşkil edir. Belə ki, qlobal ideoloji təzyiqlər və dezinformasiya savaşı şəraitində milli suverenliyin qarantı, ilk növbədə, həm də mənəvi suverenliklə gənclərimizin dəyərlər sistemində düzgün seçimini yönləndirən mənəvi müqavimət çıxış edə bilər”.