Yasamal rayonu, keçmiş “Sovetski” ərazisində 1911-ci ildə tikilən və söküntü sahəsinə yaxın yerdə qalan yaşayış binasının dağıdılacağı iddia edilir.
hakimiyyet.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, binanın yerləşdiyi ərazinin Mərkəzi parkın bir hissəsinə çevriləcəyi ehtimal olunur.
Bunu nəzərə alan memar Abdul Hüseynov binanın saxlanılmasını aidiyyəti dövlət orqanından xahiş edib. Ona dəstək olaraq, rəssam və heykəltaraş Mir Teymur Məmmədov sözügedən binanı Mərkəzi parkı idarə edəcək qurumun ofisinə çevirməyi təklif edib.
Məsələ barədə Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmisi Fariz Hüseynli hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirib ki, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, 31 ünvanında yerləşən, inşa tarixi 1911-ci ilə aid olan bina memarlıq abidəsi kimi dövlət mühafizəsində olan abidələrin siyahısında mövcud deyil:
“Buna baxmayaraq, binanın tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq qorunması məqsədilə daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təklifə baxılır”.
İlhamə Əbülfət