Mərmərə dənizində fırtına zamanı batan Türkiyənin “Batuhan A.” yük gəmisinin Ahmet Atav adlı ekipaj üzvünün hadisədən əvvəl sevgilisinə göndərdiyi son videogörüntülər yayılıb.
Mexanik-stajor olaraq çalışan 22 yaşlı Ahmet Atavın su almağa başlayan gəmidən göndərdiyi görüntülərdə saçları yaş və üzündə su damcıları olub, paltarının üzərində də yağ ləkələri görünüb.
“Suyun sızdığı yerləri təmir etdik. İndi yatırıq”, - deyə gəminin batacağından xəbərsiz olan gənc sevgilsinə bildirib.
Ahmet Atav hadisədən iki gün əvvəl gəmini tərk edən iş yoldaşı və dostu, 33 yaşlı Doğuşcan Yaylaka borclarına görə işləmək məcburiyyətində olduğunu da deyib.
“Bu səfərə də birlikdə çıxaq, sonra gedərsən. Borclarım var, onları bağlamalıyam”, - deyə o dostundan xahiş edib.
“Qalmağımı istədi. Ancaq mən gəminin vəziyyətini bildiyim üçün oranı tərk etdim. Ahmet borcunu ödəmək üçün işləməyə davam edəcəyini söylədi. Gələcəkdə baş mühəndis olanda məni də yanına aparacağını deyirdi. Qismət olmadı. Baş mühəndis-maşinist Murat Çalışkan da nişanlı idi, bir ay sonra toyu olacaqdı”, - deyə Doğuşcan Yaylak qeyd edib.
Mənbə: Takvim