Kədərin paytaxtı Xocalı - 32 illik faciənin episentrindən REPORTAJ + FOTO/VİDEO

“Nə edirsən, et, soyqırımını unutma. Çünki unudulan soyqırımı təkrarlanacaq”, - deyən bosniyalı siyasətçi Aliya İzzetbeqoviçin məşhur sözlərini, yəqin ki, ən yaxşı dərk edən məhz Azərbaycan xalqı olub. 32 il Xocalı faciəsinin yaraları ilk günkü kimi xatırlanıb, gələcək nəsillər olan bizə aşılanıb. Bu tərbiyənin nəticəsidir ki, adını, sadəcə, ailədə böyüklərimizdən eşitdiyimiz, dərsliklərdə oxuduğumuz, indi düşmən tapdağından azad edilən o torpaqlara gedərkən cismən və ruhən rahatlıq tapırıq.

2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra 30 illik yara sağaldı və bütövləşdik. Bununla tarixi ədalətsizliklə olan haqq-hesabımızı da bitirdik. Artıq Xankəndidə, Ağdərədə, Xocalıda və azad edilən digər ərazilərdə üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır.

Dünya bəşər tarixinin ən dəhşətli qırğınlarından birinə oyananda təqvim 1992-ci il fevralın 26-nı göstərirdi. Xocalı sakinləri həmin hadisələri bu gün də dəhşətli yuxu kimi xatırlayırlar.

Fevralın 25-dən 26-na keçən gecə

İnsanlıq tarixinin qara ləkəsi olan Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində faciənin qurbanlarını qalib və məğrur xalq kimi anırıq. Yəqin ki, erməni vəhşiliyinin qurbanına çevrilmiş minlərlə azərbaycanlının ruhu da artıq rahatlıq tapıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bətnində dördaylıq körpəsi ilə erməni zülmündən sağ qurtulan Zənurə Səlimova ilə düz 32 il sonra Xocalıya - kədərin paytaxtına elə onun dərin kədəri ilə üzləşmək üçün gedirik. Yolumuz uzun, söhbətimiz isə olduqca genişdir. Zənurə xanımla ilk söhbətimiz həmin dəhşətli gecə barədə deyil. O, Xocalının gözəl təbiəti, torpağının münbitliyi, məhsuldar meyvə bağları, torpağın ildə üç dəfə əkilib-becərilməsindən bəhs edir. Bir də Bakıda yediyi meyvə-tərəvəzlərdən gileylənir, heç birindən Xocalıda yediklərinin ətrini, dadını ala bilmədiyini deyir. Susuram... Bu an başa düşürəm ki, mən faciə xaricində Xocalı barədə o qədər də çox şey bilmirəm.

Qəribədir, bu illər ərzində Xocalı deyəndə, sadəcə, soyqırımı, 613 nəfərin faciəvi ölümü, uşaqların, qadınların və yaşlı insanların düçar olduğu əzab-əziyyəti xatırlamışam. Orada yadımda qalan Qarqarçay, Kətik meşəsi, Qaraqaya kimi coğrafi yerlərin adlarını da məhz bu faciə ilə əlaqədar bilirəm. Ona görə düşünürəm ki, 25 fevral gecəsi baş verən dəhşətlərlə bağlı söhbət açmağa tələsməməliyəm...

Əsgərana yaxınlaşanda Zənurə xanımın çöhrəsində keçirdiyi iztirabların izləri görünməyə başlayır. Erməni əsirliyində olarkən vəhşicəsinə qətlə yetirilən dayısının yadına düşdüyünü deyir:

“Dayım hündürboy, kifayət qədər sağlam adam idi, lakin elə zülmlər görüb ki, əsirlikdən sağ qayıda bilməyib. Altı qızıl dişini kəlbətinlə onun özünə çəkdiriblər. Daha sonra iki qolunu “KamAZ”a bağlayıb yerdə sürüyüblər, hələ də sağ olduğunu görüb işgəncələrə davam etmək üçün onu yenidən təcridxanaya aparıblar. Burada avtomatın qundağı ilə can verənə qədər onu döyüblər. Dəmir linglə ilə vurulan son zərbədən sonra isə dayım oradaca keçinib”.

Ölülərlə dirilərin görüş yeri

O gecə faciədən qurtulmağı bacaranların bir hissəsi Ağdama sığınaraq oradakı məsciddə yaxınlarının ölüsünü, yaxud dirisini tapmaq ümidi ilə gözləyirdilər. Ağdam məscidi sanki Xocalıdan olan ölülərlə dirilərin görüş yerinə çevrilmişdi. Meyitlər, əsasən, işgəncədən tanınmaz halda olurdu, insanlar isə onların bədənlərindəki hansısa cizgidən tanınma ehtimalına sarılaraq hər günü gözlənti içində keçirirdilər.

Zənurə xanımın ara-sıra yanağından süzülən gözyaşı hönkürtüyə çevrilir və bir qədər fasilədən sonra sözünə davam edə bilir:

“Dayımın nəşini beş gün sonra Ağdam məscidinə gətirdilər. Anam cəsədlər arasından öz qardaşı Hüseyn Əzizovu axtarmaq üçün məscidə girdi və üzü tanınmaz halda olduğu üçün əlinin üzərindəki döymədən onu tanıdı. Dayımın gözləri zərbələrin təsirindən alnına qalxmışdı, kəllə sümüyü qırılmışdı, beyni isə ümumiyyətlə yox idi. Ermənilər təkcə əsirlərimizə yox, ölülərimizə də zülm ediblər”.

Eşitdiklərimiz bizi sükuta qərq edir, bu səssizliyin özü də, əslində, böyük hayqırışdır.

Nəhayət, tarix və taleyin astanasında, yüzlərlə əliyalın insanın həyatını dəyişən dönüş nöqtəsində - Xocalıdayıq.

Azad olunmuş ərazilərdə mina təhlükəsi hələ sovuşmadığından Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Rasim İbrahimov da bizi müşayiət etmək üçün buradadır. Lakin mənim əsas diqqətim hələ də Zənurə xanımdadır, keçirdiyi hiss-həyəcanı izləyir, səhhətində hər şeyin qaydasında olub-olmadığını özlüyümdə təyin etməyə çalışıram...

Yolumuz Zənurə xanımın evinədir, məqsəd 1992-ci ilin 25 fevral gecəsindən 26-na açıla bilməyən səhərə yenidən səfər etmək və o gecə baş verən dəhşəti onu yaşayan insanın sözləri ilə təsvir etməkdir. Ən azı Zənurə xanım qədər həyəcanlıyam. Çünki həmin dəhşəti yaşayan insanın 32 il sonra faciənin episentrində acı xatirələrlə üzləşməsinin nə qədər çətin olacağının fərqindəyəm. İlk sözü: “İlahi, Xocalını nə günə qoyublar...” - olur. Sonra ata evini, eyni zamanda, qonşularının evlərinin qalıqlarını bizə göstərərək onların adlarını sadalamağa başlayır.

- Unutmamısınız!

- Bütün yolları, cığırları, Xocalı ilə bağlı hər şeyi xatırlayıram. Odur ey, məktəbimiz.

- Neçə saylı idi?

- Xocalıda iki məktəb var idi. 1 və 2 saylı. Mənim təhsil aldığım məktəb 1 saylı idi, ermənilər onu konserv zavoduna çevirmişdilər.

Çörək ətri, yanan çıraq, cehizlik stəkan...

Zənurə xanımgilin evinin qarşısındayıq. Xoşbəxtlikdən, ev dağılmayıb, lakin köhnə, yaşayış üçün yararsız olduğundan dövlət hesabına təmir edilir. İçəri keçirik. Ev yağmalandığı üçün quru divar və dağılmış döşəmədən başqa heç nə qalmayıb.

“Bu evə gəlin köçmüşdüm və sadəcə dörd aylıq xoşbəxtlik qismətim olmuşdu. Evdən çıxanda bu otaqda (öz otağını göstərir) çırağım da yanılı qalmışdı. Həmin gün bişirdiyim çörəklərin ətri hələ də burnumdadır. O çörəkləri bişirərkən gecənin bu qədər dəhşətli olacağını təsəvvür də etmirdim. Cehiz kimi gətirdiyim bir stəkanı belə işlətmək qismət olmadı”, - deyən Zənurə xanımı yenidən qəhər boğur və susur...

Daha sonra ondan faciə gecəsini təsvir etməsini xahiş edirik. Deyir ki, Xocalı mühasirədə olduğu üçün kişilər gecələr növbəli şəkildə qarovul çəkirdilər:

“Həmin gecə də həyat yoldaşımın növbəsi idi. Birdən evin arxa pəncərəsindən səs gəldi. Həyat yoldaşım “ay Faiq” deyə qardaşını haraylayırdı. Qaynım küçəyə qaçdı. Dedilər, artıq ermənilər dörd bir tərəfdən kəndə hücuma keçiblər. Qayınanam və mən də onların arxasınca həyətə çıxdıq. Qayınanam xəstə olduğu üçün yoldaşım və qaynım onu kürəklərinə aldılar. Beşmərtəbəli binanın zirzəmisinə doğru qaçdıq. Erməni silahlı dəstələri atəş aça-aça kəndə girmişdilər. Mərmilərdən çıxan alovlar qaranlıq səmanı aydınladırdı. Dəhşət içində idik. Getməli olduğumuz zirzəmi uzaqda deyildi, lakin güclü yağan qar bizi ləngidirdi. Qayınanam isə bizi ləngitdiyini deyərək onu burada qoymağımızı istəyirdi. Biz isə ona qulaq asmadan yolumuza davam edirdik. İnsan öz anasını necə ata bilər?! O an qadınların, uşaqların ah-naləsi hələ də qulaqlarımda uğuldayır... Faciədən 32 il keçməsinə baxmayaraq, hər dəfə bununla bağlı xatirələri danışanda həmin anları sanki yenidən yaşayıram. Mən bu evə gəlin gələndə burada ağbirçək bir ana vardı, evdən də onunla çıxdım. Lakin bu gün bu ocağa onsuz və hələ bətnimdəykən aldığı travma nəticəsində, doğulsa da, üç ay sonra ölən övladım olmadan qayıtmışam. Həmin körpə bətnimdə olanda mən Qarqarçayı, Kətik meşəsini, Qaraqayanı ayaqla keçmişəm”.

Bir qədər sonra Xocalı sakinlərinin gizləndiyi həmin zirzəmiyə getmək üçün yola düzəlirik. Havanın qatı dumanlı olması işimizi bir qədər çətinləşdirsə də, həmin gecəni gözümün qarşısında canlandırmağa kömək edir...

Ölümdən qaçanların ilk sığındıqları yer - zirzəmi

Binanın qarşısındayıq, pilləkənlərin apardığı dəmir qapı təxminən beş kiçik otaqdan ibarət zirzəmiyə açılır. Zirzəmiyə daxil olarkən Zənurə xanımın danışdıqlarının təsirindən buradakı kəskin qoxu zehnimdə yaşanan acı və qorxunc xatirələri canlandırır. Sağ qala bilmək üçün bu kiçik yerə, görəsən, neçə nəfər sığınıb? Zənurə xanım danışır, mənsə onun səsini özüm üçün qeydə alıram. Çünki nə etsəm də, burada fikrimi cəmləməyim və danışılanları sonradan xatırlamağım mümkün görünmür.

İnsanlar həmin gecə Qarqarçayı keçərək Kətik meşəsinə doğru irəliləyə, oradan Qaraqayanı keçib Ağdama çata bilmələri üçün təxminən bir saat burada gizləniblər.

“Bir saatdan sonra çöldə qarovul çəkən Elşad xəbər etdi ki, Qarqarçaya tərəf gedə bilərik. Qayınanam getmək istəmirdi, lakin biz israrla onu aparırdıq. Bu zirzəmi mənim üçün gözdağıdır. Çünki həmin gecə burada mənimlə olan insanların heç biri indi həyatda deyil. Açılan atəşdən, donvurmadan və digər səbəblərdən həlak olubar”, - Z.Səlimova sözlərinə davam edir.

Quduzlaşmış ermənilər Qarqarçay istiqamətində, “Donuzçuluq ferması” adlanan yerdə dinc əhaliyə qarşı əsl soyqırımı həyata keçiriblər. Xocalı faciəsi qurbanlarının bir qisminin də sahilində basdırıldığı Qarqarçaya yaxınlaşırıq. Çayın üzərindəki körpünü keçib Zənurə xanımla birgə onun sağ sahilinə enirik.

“Bu ailə artıq yoxdur, onlardan Xocalıdakı evlərinin qapısını açan olmayacaq”

Zənurə xanım yenidən dəhşətli fevral gecəsinə qayıdır:

“Havanın şaxtalı olmasına baxmayaraq, hər birimiz Qarqarçayı keçib Kətik meşəsinə doğru irəliləmək üçün suya girdik. Geriyə baxanda qaçanlardan çox az hissəsinin - təxminən 50 nəfərin çayı keçə bildiyini gördüm. Lakin bu, hələ faciənin sonu deyildi. Çayı birtəhər keçib Kətik meşəsinə doğru irəliləyəndə balaca bir təpəciyin üzərində müəlliməm Afilə xanımın qışqırtısını eşitdim. Həyat yoldaşı Vaqif bəy ürəktutmasından can verirdi. Afilə müəllimə camaatdan kömək istəyirdi, lakin istəsək də, o halda kiməsə kömək etməyimiz mümkün deyildi. Vaqif bəyin xırıltılı səsi hələ də qulağımdadır. Üç uşağı və Afilə müəllimə həyat yoldaşının başına toplaşmışdılar. Nə qədər desək də, bizimlə meşəyə gəlmədilər. Bu gün həmin ailə artıq yoxdur. Xocalıya böyük qayıdış zamanı bu ailədən evin qapısını açan olmayacaq...”

Qarqarçayın sahilindən Kətik meşəsinə doğru boylanırıq. Dumanlar altında gizlənmiş Kətik meşəsi Xocalı faciəsinin ən böyük şahidlərindən biridir. Zənurə xanım Kətik meşəsindən keçərkən yaşadıqlarını dəhşətli və qorxulu bir yuxu kimi xatırlayır:

“Gecə elə qar yağırdı ki, gözümüzü açmaq və yolu tapmaq imkansız görünürdü. Çətin hava şəraiti, sıx meşə qaçmağımızı daha da çətinləşdirirdi. Əl-üzümüz, ayaqlarımız qan içində idi. Meşədə dəfələrlə azdıq. Xoşbəxtlikdən, Milli Qəhrəman Əlif Hacıyev gəlib bizi meşədə tapdı və o, 50 nəfərə yaxın adama bələdçilik edərək Qaraqayadan keçirərkən UAZ markalı maşınla yoldan ötən ermənilər bizi gördülər. Bu zaman Əlif qışqırdı ki, bu ərazini tez keçmək lazımdır. Keçən ermənilər mütləq digərlərinə xəbər verərək bizi pusquya sala bilərlər. Qaraqayanı keçərkən arxaya baxanda sadəcə 10-15 nəfərin qaça bildiyini, digərlərinin erməni cəlladlarının qurbanına çevrildiyini gördüm. Yaralanan insanların çığırtıları qulaq batırırdı. Biz Xocalı sakinləri Qaraqayanı “Qanlıqaya” adlandırırıq və 1992-ci ilin 26 fevralına açılan səhəri əsla unutmayacağıq”.

Çingiz Mustafayevin şəhid olduğu yer

Baş verən faciə barədə Azərbaycan əhalisi bir neçə gün xəbərsiz oldu. İnsanların çoxu hadisə yerindən gənc jurnalist Çingiz Mustafayevin çəkdiyi videokadrlar televiziyada nümayiş etdirildikdən sonra Xocalı faciəsi barədə məlumat aldı. Onun çəkdiyi kadrlar Ermənistanın reputasiyasına bütün dünyada ciddi zərbə vurdu və bu gün də həmin kadrlar televiziyanın “Qızıl fondu”nda törədilmiş qırğının sübutu kimi saxlanılır.

O özü də faciədən təxminən dörd ay sonra, həmin əraziyə yaxın yerdə həlak oldu. Elə biz də indi ən böyük qırğınlardan birinin baş verdiyi Naxçıvanlı kəndinin ərazisinə, 15 iyun 1992-ci ildə Milli Qəhrəman Çingiz Mustafayevin də şəhid olduğu kənddə yollanırıq.

Qarqarçay boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçıvanlı kəndi yaxınlığında erməni silahlı dəstələri ilə qarşılaşıb. Bu zaman uşaq, qadın, qoca, əlil demədən, hər kəs xüsusi amansızlıqla qətlə yetirilib. Beləliklə, Qarqarçay və Kətik meşəsinin kəsişməsində bir gecənin içində ermənilər tərəfindən insanlıq tarixinin ən böyük cinayətləri törədilib.

Naxçıvanlıya gedərkən yolun sol hissəsində vaxtilə atların saxlandığı tövlə gözə dəyir. Azərbaycanlı əsirlərin bu tövləyə gətirilərək erməni quldurları tərəfindən işgəncələrə məruz qaldığını eşitmişdim. Tövləyə baş çəkmək üçün dayanırıq. Məhz burada əsir saxlanılan, lakin daha sonra erməni əsirlərlə dəyişdirilən azərbaycanlılar gördükləri işgəncələrdən dəfələrlə danışıblar. Qəribədir ki, tövlə hələ də salamat qalıb, dağıdılmayıb.

Axırıncı dayanacağımıza - Çingiz Mustafayevin son nəfəsini verdiyi Naxçıvanlı kəndinə çatırıq. Təxminən 100-150 metr yeridikdən sonra Çingizin kamerasının obyektivinin sonuncu dəfə tuşlandığı ərazidəyik. Milli Qəhrəmanımız, həmçinin yüzlərlə Xocalı sakini burada erməni vəhşətinin qurbanı olub. Ətrafı bir qədər seyr etdikdən sonra şəhidlərimizin ruhuna dualar oxuyur, qanlarının artıq yerdə qalmadığını pıçıldayırıq...

“Report” İnformasiya Agentliyi

5.2802510261536