Yeni mövsümə uyğunlaşma dövrü: “Yaz depressiyası” nədir? - FOTO

Mart ayında bəzi insanlarda depressiya yaranır. Deyirlər ki, “qanın qaynayan vaxtı” olduğu üçün bir çox insanlar “yaz depressiyası”na düşürlər, bəzi xəstəliklər özünü daha aydın büruzə verir. Maraqlıdır, yaz fəslinin gəlişi hansı xəstəlikləri oyadır və əhvala necə təsir edir?

Psixoloq Könül Telmanqızı hakimiyyet.az-a açıqlamasında qeyd edib ki, fərdlərin yeni mövsümə uyğunlaşmaq üçün vaxt ayırması tamamilə təbii haldır.

“Çox vaxt mövsümi depressiyanın simptomları payız və qış aylarında başlayır və yazın əvvəlində yaxşılaşır, lakin bu həmişə belə olmur. Çünki yazda başlayan və yaya qədər davam edən əhval dəyişikliklərini də görmək mümkündür”.

Psixoloq qeyd edir ki, mövsümün dəyişməsi melatonin və serotonin hormonlarının səviyyəsinin enməsinə səbəb olur ki, bu da tarazlığı poza bilir.

“Məlumdur ki, melatonin hormonu orqanizmdə həm yuxu rejiminin, həm də əhvali-ruhiyyənin formalaşmasında əsas rol oynayır. Serotonin hormonunun azalması isə depressiya yaradır. Məsələn, Günəş işığının qəfil artması insan bədəninin daha az melatonin istehsal etməsinə səbəb olur, buna görə də lazım olandan daha az yatırıq. Yuxusuz olduğumuz zaman isə vücudumuz stres hormonu olan kortizolu daha çox ifraz etdiyi üçün depressiya və emosional həssaslıq yarana bilir.

Yaz-yay aylarında yüksək temperatur və rütubət fərdlərə fiziki və psixoloji təsir göstərir. Çünki insan orqanizminin yorulması havada olan rütubətin artmasından irəli gəlir. İstilik və rütubətlə bağlı narahatlıq, bitmək bilməyən problemlər isə süstlük, əsəbilik və ya aşağı motivasiya hissləri ilə özünü göstərə bilər”.

Yazqabağı depressiyadan qurtulmaq üçün psixoloq məsləhət görür ki, fərdlər özlərində xoş fəaliyyətlər, müsbət və ya faydalı vərdişlər rutini yaratmağa kömək edən davranışları aktivləşdirsinlər. Məsələn, səhər və axşam saatlarında açıq havada gəzmək çox yaxşı təsir bağışlayır.

Yaz fəslində orqanizmdə, əsasən, hansı xəstəliklərin baş qaldırması haqqında hakimiyyet.az-a danışan pediatr Aytən İsmayılzadə bildirir ki, mart ayı təbiətin oyanış dövrü olduğu üçün əlbəttə ki, orqanizmdə də oyanış prosesi baş verir:

“Fəsillər dəyişəndə bir çox təbii proseslər baş verdiyinə, kainatda maqnit dalğaları dəyişdiyinə görə orqanizmdə də bu dəyişiklik, əlbəttə ki, hüceyrələr səviyyəsində baş verir. Bizim mikrobiotamızda bu hal yaranır və bağırsaq florasında zəifləmə ola bilir. Yəni yaxşı mikroblar öldüyü və ya zəiflədiyi üçün orqanizm təbiət dəyişkənliyinə dərhal adaptasiya ola bilmir, nəticədə xroniki xəstəliklər özünü büruzə verir”.

Pediatr qeyd edir ki, fəsil dəyişkənliyinin bioloji olaraq orqanizmə təsiri birinci növbədə mikrobiotaya olan təsirdir. Onun zəifləməsi isə immun sisteminin zəifləməsinə və müxtəlif xəstəliklərin baş qaldırmasına səbəb ola bilir:

“Yaz ayı ilə əlaqədar həm də xüsusi pallinoz dediyimiz “bahar xəstəliyi” uşaqlarda allergiya, allergik konyuktivit və allergik otit şəklində özünü büruzə verə bilir. Buna misal kimi gözlərin qaşınması, sulanması, burunda qaşınma, sulanma, asqırma, bronxial astma kimi xəstəliklərin kəskinləşməsi, dəri qaşınmalarının aktivləşməsini göstərə bilərik”.

Pediatr qarşıdan gələn Novruz bayramında da diqqətli olmağı tövsiyə edib və qeyd edib ki, yaz fəslində çərşənbələr və bayramla ilə bağlı un məhsulları, ləpələr və şirniyyatlardan çox istifadə də uşaqlarda bağırsaq florasının pozulmasına, bağırsaqda göbələyin aktivləşməsinə, allergik fonun güclənməsinə səbəb ola bilir”.

Əzizə İsmayılova

0.45023393630981