Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib

Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib

150-yə yaxın iş adamının iştirak etdiyi tədbirdə Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əməkdaşlığı, qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib.

Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan bir qrup iş adamı Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının dəstəyi ilə ölkəmizdə səfərdədir. Səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və platformanın dəstəyi ilə “Bakı KOB evi”ndə Türkiyə və Azərbaycan iş adamları arasında birgə əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə edilib.

Tədbirdə hər iki ölkədən xidmət, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm və s. sektorlarda fəaliyyət göstərən 150-yə yaxın iş adamı iştirak edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Qəhrəmanmaraş Ticarət və Sənaye Palatasının sədri Mustafa Buluntu, Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının sədri Cengiz Aygör iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığa, qarşılıqlı investisiya qoyuluşu imkanlarına, eləcə də zəlzələdən əziyyət çəkmiş Qəhrəmanmaraşda həyata keçirilən yenidənqurma işlərində Azərbaycanın roluna dair fikirlərini bölüşüblər.

Qeyd edilib ki, iki ölkə arasında iqtisadi əlaqələr müxtəlif sektorları əhatə etməklə çoxşaxəlidir. Məqsədimiz ticarət əlaqələrində KOB-ların rolunu artırmaq, birgə layihələri genişləndirməkdir. Ölkələrimiz sosial və humanitar sahədə də əməkdaşlıq edirlər. Türkiyənin müxtəlif bölgələrində baş vermiş zəlzələnin ilk günündən Azərbaycan Türkiyənin yanında olub. Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə təsis olunmuş “Qardaş köməyi” platforması üzərindən Azərbaycan iş adamları tərəfindən də ianələr edilib, qida və qeyri-qida yardımları olunub.

Azərbaycan hazırda Qəhrəmanmaraşda humanitar fəaliyyətini davam etdirərək yenidənqurma və bərpa işlərində iştirak edir, burada “Azərbaycan” yaşayış məhəlləsi inşa olunur.
Tədbir çərçivəsində AZPROMO tərəfindən ölkəmizin əlverişli investisiya mühiti və sərmayə qoyuluşu imkanları barədə təqdimat keçirilib, tekstil, tikinti, kənd təsərrüfatı, logistika, turizm, ticarət, qablaşdırma, elektrik sənayesi, elm və təhsil sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər təşkil olunub.

0.07527494430542