Yaşar Nurinin həyat yoldaşı: “Onlar komediya deyil, lağlağıdır, adi rol oynayan “mənəm-mənəmlik” edir” - FOTO

“Müasir mədəniyyətimizdən bu gün danışmaq qəliz məsələdir. Bu mənim şəxsi fikrimdir. Müqayisə olunmaz dərəcədə fərq var. Müasir dövrün bəlkə də özünə görə başqa tələbləri var, amma hər halda nə televiziya tamaşaları, nə də filmlərimiz o dövrdəki kimi deyil. Heç biri yadda qalmır”. 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. O daha sonra əlavə edib.

“Həmin filmlərə bir dəfə baxan kimi yaddan çıxır. Bilmirəm, niyə bu günə düşdü kinomuz, incəsənətimiz?! Çox təəssüflənirəm! Necə ki, qardaş Türkiyədə tarixi filmlər var, mən də istərdim ki, bizim tarixi qəhrəmanlarımız barədə də o cür filmlər çəkilsin. Mən televizoru açanda həmin filmləri izləmək istəyirəm! Hansı köhnə filmi izləyirsən, insanda hər dəfə yeni fikir yaradır. Bugünkü filmlərin mövzusu nədir? Nə qədər kriminal, məişət mövzularında film, serial çəkmək olar?! Tərbiyəvi mövzuda o qədər filmlərimiz var idi ki. Necə gözəl idi! Dəyərlərimizi filmlər qorumalıdır, yaşatmalıdır. Dünən, nəhayət ki, kinematoqrafiya ittifaqları birləşdi! Fərqi yoxdur sədr kimdir, amma istərdim işi elə aparsınlar ki, mədəniyyətimizi irəli çəksinlər. Kinonu, teatrı yaşatsınlar. Hələ ki, nə Teatr Xadimləri İttifaqının, nə də Kinematoqrafiya İttifaqının bir işinə şahid olmuşam”, - deyə sənətkarın xanımı bildirib. O, daha sonra gənc nəsil aktyorlardan danışıb.

“Yaşlı nəslin oyun tərzi yaxşıdır, amma gənclərin əksəriyyətindən baş açmaq olmur. Sözün düzü, onların adlarını bilmirəm, bildiklərim də yadımdan çıxır. Aralarında 3-4-ü var ki, güclü saya bilərəm, amma onları filmlərdə yox, teatr tamaşalarında görmək istərdim. Yaxşı aktyoru ssenari və rejissor üzə çıxarır. İndi daha çox komediya filmlərinə üstünlük verirlər. O lağlağıdır, adını sadəcə komediya qoyublar. Kim özünü əsl aktyor kimi sınamaq və görmək istəyirsə, gedib teatrda üç saat canlı tamaşa oynasın. Görsün ki, aktyor nədir?! Aktyor necə olurlar! Siyavuş, Hacıbaba, Yaşar, Fuad, Səməndərə heç kim çata bilməz!. Mən belə düşünürəm. Onların oynadığı rolların sayı-hesabı yoxdur. Gəlin, indikilərə baxaq, görək onlar nə oynayıblar?! Bu insanlar zirvə idilər! Zirvəyə qalxmaq üçün sənətkar olmaq lazımdır. Adi rol oynayan “mənəm-mənəmlik” etməməlidir”, - deyə Rəhimə xanım söyləyib.

0.43231010437012