Azərbaycan boksçusu Paris-2024-ə lisenziya qazanıb

Azərbaycan boksçusu Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz bu uğura İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə nail olub.

Bu görüşədək dünya çempionatının bürünc medalçısı Dipak Dipak (Hindistan), mundialın finalçısı, Avropa çempionu Sahil Alahverdovi (Gürcüstan) və qitə ikincisi Rudolf Qarboyan üzərində inamlı qələbə qazanan Hüseynov bu dəfə də rinqdən qalib ayrılıb. Dünya çempionatının gümüş medalçısı olan ABŞ-li rəqibini 3:2 hesabı ilə məğlub edən yığma üzvü yarımfinala yüksəlməklə lisenziyaya sahib olub.

Nəticədə boks yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı üçə yüksəlib. Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiadada iştirakını rəsmiləşdiriblər.

Qeyd edək ki, İtaliyada Sərxan Əliyev də 1/4 final döyüşünə çıxacaq.

0.35203099250793