UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
hakimiyyet.az-ın məlumatına görə, İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olub. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə də qorumağa çalışıblar.
Oyunda hesabı Dimarkonun qolu ilə qonaqlar açıb. Lakin Qrizman və Depayın cavab qolları əsas vaxtda ispanların qələbəsini təmin edib - 2:1. Bu nəticədən sonra ümumi hesabda tarazılıq olduğundan (2:2) əlavə vaxta ehtiyac yaranıb.
Əlavə vaxtda da fərqlənə bilməyən komandalar qalibi penaltilərlə müəyyən ediblər. Futbol “lotareya”sında isə Madrid klubunun bəxti gətirib - 3:2 və beləliklə də “Atletiko” daha əvvəl 1/4 finala vəsiqə qazanan “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya”, “Borussiya” (hər ikisi Almaniya) və PSJ (Fransa) kimi komandalara qoşulub.