Ötən il Azərbaycanda ümumi sahəsi 2 milyon 511 min 217,5 kvadratmetr olan 22 min 910 yaşayış evi tikilib.
Yeniavaz.com xəbər verir ki, ötən il ərzində yaşayış evlərinin tikintisinə 971 milyon 432,1 min manat vəsait sərf olunub.
Açıqlanan məlumatlar əsasında aparılan hesablama göstərir ki, 2023-cü ildə ölkədə yaşayış evinin bir kvadratmetrinə orta hesabla 387 manat xərclənib.
Müqayisə üçün bildirək ki, 2022-ci ildə yaşayış evinin bir kavdratmetrinə orta hesabla 357 manat, 2021-ci ildə isə 508 manat sərf olunub.
Onu da qeyd edək ki, satışa çıxarılan yeni tikililərdə mənzillərin qiyməti bu göstəricidən dəfələrlə yüksəkdir.
Məsələn, Azərbaycanda ən ucuz mənzillər Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa çıxarılır. MİDA-nın inşa etdiyi Yasamal Yaşayış Kompleksində 75 kvadratmetrlik mənzil 70,6 min manatdan satışa çıxarılıb. Açıqlanan rəqəmlərdən də göründüyü kimi MİDA mənzilin bir kvadratmetrini 940 manata təqdim edir.