“Azərbaycanda bunu bacardığım üçün şadam”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıdakı turnirdə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Ukraynanın azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov deyib.
67 kq çəki dərəcəsində yer alan idmançı Avropa Olimpiya Təsnifat Turnirindəki uğurunun davamını gətirmək istədiyini bildirib: “Həyatda asan heç nə yoxdur. Tokioda ikinci olmuşam. Paris olimpiadasında da əlimdən gələni edəcəyəm”.
Nəsibov Azərbaycanın bu çəkidəki təmsilçisi Həsrət Cəfərov haqqında danışıb.
O, olimpiadada istənilən rəqiblə mübarizə apara biləcəyini vurğulayıb: “Bu, güləşdir hər şey ola bilər. Həsrət Cəfərovla kənarda dostuq, qardaşıq”.
Güləşçi Bakıda doğma azarkeşlər önündə mübarizə aparmağın onun üçün çətin olduğunu diqqətə çatdırıb: “Burada mənim dostlarım, qardaşlarım var. Evdə uduzmaq olmaz”.