Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
hakimiyyet.az xəbər verir ki, 26 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.
26 yaşlı Avropa çempionu Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan güclü olub. Qitə çempionlarının duelindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə ilə ayrılıb.
Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə etmişdi.
16:40
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində üçüncü görüşünə çıxıb.
“Report” xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Maqomed Ramazanovla qarşılaşıb.
Rəqibinə 6:2 hesabı ilə qalib gələn Nurmaqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya şansını davam etdirib. O, yarımfinalda Vasili Mixaylovla (Ukrayna) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Georgi Meşvildişvili (125 kq) də yarımfinala adlayıblar.
13:40
Azərbaycanın daha bir sərbəst güləşçisi Georgi Meşvildişvili Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
“Report” xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı yarışa 1/4 finaldan qoşulub.
O, İtaliya təmsilçisi Abraham Konyedo ilə qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn Meşvildişvili yarımfinala yüksəlib.
Qeyd edək ki, daha əvvəl Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) yarımfinala adlayıblar.
12:28
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.
“Report” xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/8 final mərhələsində isveçrəli Tobias Portmannı üstələyib.
Görüş təmsilçimizin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) isə 1/4 finala adlayıblar.
11:27
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə uğurlu start götürüb.
“Report” xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və dördqat Avropa çempionu təsnifat mərhələsində Fransanı təmsil edən Xamzat Arsamerzoyevi üstələyib.
Rəqibinə 5:2 hesabı ilə qalib gələn 32 yaşlı idmançı 1/4 finala yüksəlib.
Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala adlayıb.
11:12
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə bu gün yekun vurulacaq.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, son gündə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə güləşəcək. Hacı Əliyev (65 kq) eyni raundda Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək.
Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmannla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq.
Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham Konyedo (İtaliya) - Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk iki gündə 4 yunan-Roma və 5 qadın güləşçimiz uğursuz çıxış edib.