Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatı məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn “darıxmaq şərt deyil” məzmunlu mesaj olub.
Məsələ burasındadır ki, ötən ilin yanvarın 21-də Könül Quliyeva dərsində istifadə etmək üçün telefonu qızına verib. Aşağı sinifdə oxuyan qızı isə “WhatsApp” status bölməsində darıxmaqla bağlı paylaşım edib. Məktəbdə Azərbaycan dili-ədəbiyyat müəllimi çalışan Namiq Zeynalov (ad-soyad şərtidir) isə şagirdin statusuna “darıxmaq şərt deyil” mesajını yazıb.
Könülün əri isə bu mesajın onun arvadına yazıldığını düşünərək həyat yoldaşı ilə mübahisə edib. Bu zaman Rəsul mesajı Könülün qardaşına da göndərib. Həmin mesaja isə “Salam, kimdir?” cavabını yazıb.
Qadının məhkəmədə ifadəsinə görə, Könül ərindən zəng edib mesaj yazanın kim olması ilə bağlı maraqlanmağı istəsə də, o, bunu etməyib. Könül ərinin onu ölümlə hədələdiyini, bu səbəbdən qorxduğunu, özünü müdafiə etmək üçün ərinə iki dəfə balta ilə zərbə endirdiyini bildirib.
Rəsul isə məhkəmədə Könüllə heç vaxt barışmayacağını bildirib. O, arvadının ona xəyanət etməsi ilə bağlı düşüncədə qaldığını deyib:
Mənə dedi ki, “eşqim, gəl otur çörək ye”. Oturub çay içəndə başımla balta ilə zərbələr endirdi”.
Darıxmaqla bağlı statusa reaksiya bildirən müəllim də məhkəmədə ifadə edib. O, ifadəsində yanlış anlaşılma olduğunu bildirib:
“Həmin ərəfələrdə şagirdlərin sinfi dəyişmişdi. Uşaqlar elə bilirdilər ki, daha onların müəllimi olmayacağam. Bu düşüncələr mövcud olduğu üçün həmin statusa reaksiya bildirib. Nömrələri telefona uşaqların adı və oxuduqları sinfə uyğun qeyd etmişəm. Ondan sonrakı gün isə mesaj gəldi ki, “Salam, kimdir, tanımadım?”. Gələn mesaja baxanda günorta idi. Bu səbəbdən artıq kim olduğumu bildiklərini düşündüyüm üçün cavab yazmadım. Valideyn iclaslarında Könül xanımın üzünü görmüşəm, onunla heç bir münasibətim olmayıb. Mən sadəcə, şagirdin statusuna reaksiya bildirmişəm, o da anasının nömrəsi imiş. Telefonun kimin istifadəsində olduğunu bilməmişəm”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Könül Quliyeva doqquz il müddətinə azadlıqdan məhrum edilib.