Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun Rusiya Federasiyasına səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
hakimiyyet.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Hökumətinin sədr müavini, sənaye və ticarət naziri Denis Manturov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Mərkəzi Bankın sədri Elvira Nabiullina, həmçinin Rusiyanın bir sıra şirkət və kommersiya qurumlarının rəhbərləri ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Rusiyanın əlaqələrin inkişafına verdiyi böyük önəm sayəsində iqtisadi əməkdaşlığın genişləndiyi vurğulanıb. Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir. Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişaf gündəliyindəki məsələlərin müzakirə edildiyi görüşlərdə ticarət, nəqliyyat, sənaye, o cümlədən maşınqayırma, gəmiqayırma, əczaçılıq, innovasiyalar, süni intellekt əsaslı həllərin tətbiqi, maliyyə və digər sahələrdə dinamikanın artırılması üçün perspektivlər qeyd olunub.
Azərbaycanın qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye zonalarında sahibkarlara təqdim edilən güzəşt və stimullar, birgə layihələrin reallaşdırılması imkanları barədə məlumat verilib. Görüşlərdə əməkdaşlığı təşviq edən mexanizmlərin təkmilləşdirilməsi, ikitərəfli maliyyə gündəliyi və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.