Beynəlxalq media qurumlarında ABŞ-nin Yaxın Şərqə əlavə qüvvələr göndərdiyi ilə bağlı xəbərlər yayılıb.
ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə istinad edən xəbərlərdə bildirilib ki, ABŞ bununla bölgədəki qüvvələrinin müdafiə gücünü artırmaq niyyətindədir.
Digər tərəfdən, ABŞ-nin iki rəsmisi “Politico” xəbər saytına verdikləri açıqlamada qeyd ediblər ki, İran Vaşinqtonun reaksiyasına səbəb olmayacaq və regional qarşıdurmanın güclənməsinə gətirib çıxarmayacaq ciddi cavab strategiyası hazırlayır.
“İran yaxın günlərdə İsrailə raket və dronlar vasitəsilə daha genişmiqyaslı hava hücumu təşkil etməyi planlaşdırır”, - deyə adlarının açıqlanmasını istəməyən rəsmilər bildiriblər.
Xatırladaq ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki səfirliyinin ərazisində yerləşən konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı da daxil olmaqla, ümumilikdə 7 iranlı həlak olub.
İranın lideri Əli Xamenei bu hücuma cavab veriləcəyi ilə bağlı təhdid edib.
Mənbə: Anadolu