Arif Əsədov: “Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik”

“İllər əvvəl Rusiyanın Nalçik şəhərində futbol üzrə gənclər arasında birincilik keçirilirdi. Biz də U-15 millinin heyətində həmin turnirdə uğurlu çıxış edib, altı ən yaxşı komanda arasında yer almışdıq. Özümüzü yaxşı tərəfdən göstərdiyimiz üçün Vladislav Qədirovla məni SSRİ U-17 yığmasının toplanışına dəvət etdilər. Ancaq hazırlıq bitdikdən sonra oradan Bakıya çox çətinliklə gəldik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin veteran futbolçusu, yığmanın məşqçisi Arif Əsədov başına gələn maraqlı əhvalatlar barədə danışarkən deyib.

54 yaşlı mütəxəssis bildirib ki, Bakıya uçacaqları təyyarənin çıxacağı şəhəri səhv saldıqları üçün Azərbaycana vaqonun yük yerində qayıdıblar: “Hoteldən aeroporta yola düşdük. Hava limanında sənədlərimiz yoxlandığı zaman Nalçikdən deyil, Minvoddan Bakıya uçacağımızı öyrəndik. Yaxınlıqdakı taksidən bizi həmin şəhərə daha tez çatdırmasını xahiş etdik. Sürücü isə reysə çata bilməyəcəyimizi dedi. Biz də məyus halda hotelə qayıtdıq. Daha sonra Nalçikdəki qatar stansiyasına getdik. Lakin bütün yerlər dolu idi. Komendant bizim yalnız yük yerində Azərbaycana qayıda biləcəyimizi dedi. Biz də bununla razılaşdıq və əziyyətlə Bakıya qatarın yük yerində geri döndük”.

Qeyd edək ki, Arif Əsədov 1993-2002-ci illər aralığında Azərbaycan millisinin formasını geyinib.

0.045225858688354