Bayram günlərində 32 avtoqəza olub, doqquz nəfər ölüb

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində respublika yollarında ötən illərlə müqayisədə ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) hakimiyyet.az-a verilən məlumata görə, Ramazan bayramı ilə əlaqədar aprel ayının 10-dan 15-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 32 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə doqquz nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd olunub ki, builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz, xəsarətlərin sayı isə 40 faiz azalıb:

“Qeyri-iş günlərində BDYPİ-nin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və yollarda gündəlik nəzarət tədbirləri həyata keçirib.

Respublika yollarında baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da fasiləsiz olaraq davam etdiriləcək”.

0.10380816459656