“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti ilə “AZCHEMCO” MMC şoranlaşmış torpaqların kənd təsərrüfatda yenidən istifadəsi layihəsinin icrasına başlamaq üçün Əməkdaşlıq Memorandumu imzalayıb”.
Bununla bağlı hakimiyyet.az-a açıqlama verən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Cavid Abdullayev bu gün Azərbaycanda yeni ekoloji layihənin başlanmasının iştirakçısı və şahidləri olmasından məmnun qaldığını bildirib.
“Memorandum çərçivəsində departamentimiz şoranlaşmış torpaqların kənd təsərrüfatına “AZCHEMCO” şirkətinə məxsus avadanlıq və texnologiya vasitəsilə yararlı vəziyyətə qaytarılması məqsədilə sınaq işlərinin aparılması üçün ərazi ayıracaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “AZCHEMCO” şirkətinin, həmçinin “AzeLab” və “Intertek” laboratoriyalarının nümayəndələri ilə birgə proseslərin daimi monitorinqi keçiriləcək”, - deyə o açıqlamasında qeyd edib.
“AZCHEMCO” MMC-nin direktoru isə “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özünün birbaşa bu layihədə iştirakını yüksək qiymətləndirdiklərini vurğulayıb.
“Daha əvvəl təqdim etdiyimiz kimi, layihə Azərbaycanı kənd təsərrüfatı texnologiyasının yeni səviyyəsinə çıxarmağa qadirdir”, - deyə o əlavə edib.
“AZCHEMCO” şirkətinin direktoru Memorandumda təsvir olunan layihənin üstünlüklərindən, kənd təsərrüfatı və ekologiyanın gələcəyinə təsirindən də danışıb:
“Şoran torpaqların kənd təsərrüfatında yenidən istifadəsi üçün prosesdə istifadə olunan suyun, aqrokimyəvi maddələrin, suda həll olunan və maye gübrələrin həcmlərin minimuma endirilməsi və nəzarətdə saxlanılması üçün “AZCHEMCO”nun yeraltı damcı suvarma üsulundan istifadə nəzərdə tutulub. Bu suvarma sistemi ilə birlikdə ilk mərhələdə və gələcəkdə vaxtaşırı olaraq torpağın “pH”nı tənzimləyən, şoranlığı azaldan, torpağı emal və sonradan kənd təsərrüfatında istifadəyə yararlı hala gətirən “Drip Drop 369” məhsulundan istifadə olunacaq. Xarici suvarma sistemlərinin olmaması torpağın səthində nəmli mühitin formalaşmasını aradan qaldırılır, bu isə göbələk bitki xəstəliklərinin inkişafını azaldır.
Həmçinin şirkətimiz yeraltı damcı suvarma üsulu ilə bitkilərin kök sisteminə birbaşa “çatdırılan” suda həll olunan və maye gübrələrdən istifadə edir, bu isə azot oksidinin atmosferə buraxılmasını (istixana effektinin səbəblərindən biri) və atmosferə karbon qazının buraxılmasına səbəb olan kənd təsərrüfatı texnikasından əkin sahələrində istifadəsi azaldır.
Bu aspektdə hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) şoranlaşmış torpaqların dəyişdirilməsi və kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirinin azaldılması üçün yeni inqilabi yanaşmanın təqdimatında iştirak edə bilərik. Çünki qlobal iqlim dəyişikliyinin 8%-i kənd təsərrüfatının payına düşür (60%-i azot gübrələrindən istifadənin nəticəsidir)”.
Akçurin əmin olduğunu bildirib ki, bugünkü imzalanma uzunmüddətli perspektivdə həm aqrar sektorun, həm də sosial və iqtisadi inkişafı üçün əsas hadisələrdən birinə çevriləcək.
“Çünki, bu, eyni vaxtda mövcud istehsal sahələrinin çoxalması, yeni istehsal sahələrinin açılması, sənaye məhsullarının çeşidinin, həmçinin iş yerlərinin sayının artmasına gətirəcək, “SOCAR Polymer” zavodunun məhsulları ölkə daxilində yeraltı damcılı suvarma sistemlərinin və əlaqədar məhsulların istehsalı üzrə istehsalat müəssisələrində istifadə olunacaq, bu isə məhsulun idxalının əvəzlənməsinə və yeni növlə beynəlxalq bazarlara çıxmasına səbəb olacaq”, - deyə Ruslan Akçurin fikrini yekunlaşdırıb.