İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosla görüşüb.
Bu barədə hakimiyyet.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə Azərbaycan və AYİB arasında müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın mövcud olduğu və ölkəmizin qurumla əlaqələrin inkişafına önəm verdiyi vurğulanıb. Ətraf mühit, enerji, nəqliyyat, tranzit və digər sahələr üzrə bankla birgə həyata keçirilən layihələrin iqtisadiyyatın diversifikasiyasına töhfə verdiyi qeyd olunub. Qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində işbirliyi imkanları, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, dövlət-özəl tərəfdaşlığının inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələr barədə məlumat verilib.
Alkis Vryenios Drakinos Azərbaycanla əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu ifadə edib. Qurumun ölkəmizdə iqtisadi şaxələndirmənin təşviqi, maliyyə bazarlarının inkişaf etdirilməsilə xüsusilə kiçik və orta biznes subyektlərinin rəqabətə davamlılığının artırılması, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsinə dəstək verməkdə maraqlı olduğu nəzərə çatdırılıb.
Tərəflər Azərbaycan - AYİB əlaqələrinin gündəmində olan məsələləri, qurumun 2024-2029-cu illər üzrə Azərbaycana dair Ölkə Strategiyasının ilkin layihəsi, yaşıl iqtisadiyyata intensiv dəstək və birgə həyata keçirilən layihələrin perspektivlərini müzakirə ediblər. Bankın COP29 çərçivəsində əməkdaşlıqda maraqlı olduğu bildirilib, COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparılıb.