Binanın səkisi hasarlanıb: “Ani diqqətsizlik üzücü nəticələrə gətirib çıxara bilər” - ŞİKAYƏT + VİDEO

Bakının Nizami rayonu, Özbəkistan küçəsinin sakinləri yaşadıqları binanın səkisinin hasara alınmasından narazıdırlar.

Bununla bağlı sakinlər hakimiyyet.az-ın redaksiyasına şikayət ünvanlayıblar.

Onlar çətin vəziyyətdə qaldıqlarını dilə gətiriblər:

“Bina hazır olan vaxtdan ərazi hasara alınmış formada qalıb. Bir neçə dəfə mühafizə və komendantlıqdan soruşmuşuq. Nə vaxt açılacağının bəlli olmadığını deyiblər. Həmin ərazidə iaşə obyektlərinin tikiləcəyi də bildirilirdi. Lakin o da dəqiq deyil.

32 nömrəli tam orta məktəbin yaxınlığıdır. “Xəzər İnşaat”ın binalarıdır. Məktəbdən çıxan uşaqlar o yol ilə gedib-gəlirlər. Həmin ərazidə gün ərzində nəqliyyatın sıxlığı da müşahidə olunur. Səkinin bir hissəsi bina hazır olandan hasara alınıb. Piyadalar məcbur qalıb maşın yolundan istifadə edirlər. Bu hasarın nə vaxt söküləcəyi də məlum deyil. Sürücülərin və piyadaların ani diqqətsizliyi üzücü nəticələrə gətirib çıxara bilər”.

Sakinlər hər hansı bir quruma şikayət etmədiklərini vurğulayıblar:

“Bununla bağlı konkret olaraq hansısa bir quruma şikayətimiz olmayıb. Lakin binanın mühafizə və komendantlıq xidmətlərindən aldığımız məlumata görə, hasarın nə vaxt söküləcəyi bəlli deyil. Hasarın içi də abadlaşdırılmamış ərazi kimi qalıb. Bina tikilən vaxtdan qalan bəzi materiallar və məhsullar orada saxlanılır”.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə və “Xəzər İnşaat” şirkətinə sorğu ünvanlamışıq.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

0.17102098464966