Vətəndaşın parklanmış halda olan maşınına iti alətlə ziyan vurulub. Zərərçəkmiş şəxs bununla bağlı video çəkərək sosial şəbəkədə paylaşıb.
Xezerxeber.az-ın məlumatına görə, bir binanın həyətində isə içərisi su ilə dolu olan şar çoxmərtəbəli binanın sonuncu mərtəbəsindən avtomobilin birinin üzərinə atılıb. Nəticədə avtomobilin sahibi ciddi maddi zərərlə üzləşib.
Ümumiyyətlə, son vaxtlar bu cür qəsdən və ya ehtiyatsızlıqdan vətəndaşların avtomobilinə və ya digər əmlaka zərərvurmaqla bağlı videogörüntülərə tez-tez rast gəlinir.
Hüquqşunaslar bildirirlər ki, bu hal qəsdən baş verərsə, bunu edən şəxs cinayət məsuliyyətinə cəlb edilə və ya azadlıqdan məhrum oluna bilər.
Həmçinin zərər cinayət məsuliyyəti yaratdığı halda bunu edən şəxslər vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilə bilərlər. Hüquqşunas Şamil Paşayev deyir ki, avtomobillərə vurulan bu kimi zərərləri icbari sığorta da qarşılamır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) isə bildirilib ki, əmlakının qəsdən məhv edildiyi və ya zədələndiyi barədə zərərçəkən şəxs məlumat verdiyi halda dərhal ərazi polis orqanında araşdırmalara başlanır. Ziyanın qəsdən vurulduğu sübuta yetirilsə, qanunla nəzərdə tutulan tədbirlərin görülməsi təmin edilir. Qəsdən əmlaka zərər vuran şəxsin saxlanılması və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Ətraflı süjetdə: