Mayın 5-6-da geomaqnit qasırğası olacaq.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1 (R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığından keçəcəyi proqnozlaşdırılır.
Günəş aktivliyinin davam edəcəyi 4-6 may tarixləri üçün M (R1-R2 mülayim orta - radiorabitəni güclü əngəlləyən) və X (R3 güclü və daha böyük) alışmaların olacağı ehtimal olunur.
Qeyd edilib ki, 4-6 may tarixləri üçün Günəş küləyi parametrlərinin artması və tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri hiss olunacaq. Mayın 3-də baş vermiş tac kütlə atılmasının və həmin tarixdə səhər saat 6 radələrində olan X1.6 alışmasının təsiri ilə mayın 5-i günün sonu və 6-sı saat 14.00 radələrinədək daha güclü geomaqnit həyəcanlaşması hiss olunacaq.
Mayın 5-də G1 (mülayim) səviyyədə geomaqnit qasırğası davam edəcək. Tac kütlə atılmasının və tac dəliklərindən gələn yüksək sürətli axınların davam edən təsirləri səbəbindən mayın 6-da günün ilk yarısınadək G1-G2 (orta) səviyyədə geomaqnit qasırğası gözlənilir.
Qeyd edək ki, maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Başağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir. Proses tamamilə sağlam insanlardan da təsirsiz ötüşmür, qəfil qan təzyiqinin yüksəlməsi halları ilə qarşılaşılır.