Mayın 4-dən 5-nə keçən gecə MLS-də “İnter Mayami” doğma meydanda “Nyu York Red Bulls”a 6:2 hesabı ilə qalib gəlib.
hakimiyyet.az xəbər verir ki, hesabı 30-cu dəqiqədə qonaqların belçikalı hücumçusu Dante Vanzer açsa da, ikinci hissədə Mayami klubu Nyu-York komandasını qol vurmağa peşman edib.
Fasilədən sonra 49-cu dəqiqədə heyətə daxil olan paraqvaylı yarımmüdafiəçi Matias Roxas Lionel Messinin ötürməsi ilə hesabı bərabərləşdirib. İki dəqiqə sonra Messi və Luis Suaresin səyləri ilə “İnter Mayami” önə keçib.
61-ci dəqiqədə Messinin ötürməsi ilə Roxas dubla imza atıb. Matçın sonunda isə Suares het-trik edib. Messi daha üç məhsuldar ötürmə verib. Yekun nəticəni ikinci hissənin sonunda penaltidən qol vuran “Red Bulls”un isveçli yarımmüdafiəçisi Emil Forsberq müəyyən edib - 6:2.
Matçın nəticələrinə görə, Messi “1+5”, Suares “3+1” ilə yadda qalıb.
Messi bu mövsüm ümumilikdə “İnter Mayami” forması ilə çıxdığı 11 matçda 23 qolun vurulmasında birbaşa iştirak edib. O, həm klubu, həm də MLS tarixində bir oyun ərzində ən çox qol qatqısı (qol + asist) olan futbolçu adını qazanıb.
Hazırda “İnter Mayami” 12 matçdan sonra 24 xalla MLS turnir cədvəlində birinci yerdədir. “New York Red Bulls” isə 17 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.