“TikTok”u necə gözəlləşdirməli?

Qan Turalı yazır...

Son illərin ən çox müzakirə və mübahisə doğuran sosial media platforması heç şübhəsiz ki, “TokTok”dur. Çünki “TokTok” son illərdə çox güclü sıçrayışa nail olub. Onun istifadəçilərinin sayı təkcə Azərbaycanda yox, dünyada da durmadan artır. Eləcə də onun tənqidçiləri... 

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, rəyi soruşulanlardan 74,9%-i “TokTok” sosial media platformasına məhdudiyyətlərin tətbiq edilməli olduğunu ifadə edib. Bu, çox böyük bir rəqəmdir. Cəmi 21,2% məhdudiyyətləri dəstəkləmədiyini bildirib, 3,9% isə fikir bildirməkdə çətinlik çəkib.

Bəs məhdudiyyətləri necə tətbiq etməli? Bu, ciddi müzakirə mövzusudur və təkcə Azərbaycan üçün yox, başqa ölkələr üçün də xarakterikdir. 

44 günlük müharibə zamanı bütün sosial şəbəkələrə giriş məhdudlaşdırıldı, antiterror tədbirlərində isə yalnız “TikTok”un fəaliyyəti ölkə ərazisində dayandırıldı. Bu da sözügedən platformanın necə təhlükəli bir məkan olduğunun bariz nümunəsidir.

Hərbi vəziyyət zamanı bu cür məhdudlaşdırmalar tamamilə təbii xarakter daşıyır. Ancaq digər zamanlarda bu məhdudlaşdırma necə baş verəcək? Problemlər də buradan başlayır. 

Xüsusilə azyaşlılar arasında “TikTok” daha geniş yayılıb. Bu da onlara yaşlarına uyğun olmayan məzmunların istehlak etməsinə gətirib çıxarır. Onların təlim və tərbiyəsinə, mənəvi inkişafına ziyan vurur. Bu ziyanın miqyası olduqca böyükdür. Bunun qarşısını almaq üçün isə valideynlərin nəzarəti mütləqdir. Ancaq problem buradadır ki, bir çox (ya da bəzi) hallarda uşaqların internetə aid bilik və vərdişləri valideynlərdən daha çox olur. Bu zaman isə valideynlərin uşağa hansısa bir qadağa tətbiq etmək şansı da qalmır. Mövcud vəziyyət valideynlərin təhsilli və savadlı olmaq zərurətini bir daha təsdiqləyir. 

Burada qarşımıza mühüm suallar çıxır. Belə ki, məzmunlara nəzarət etmək, onları hansısa filtrasiyadan keçirtmək üçün dövlətin heç bir imkanlı yoxdur. Ancaq dövlət “TikTok”u birdəfəlik şəkildə bağlaya bilər. Bunu etmək dövlətin imkanları daxilindədir. Yuxarıda qeyd edilən hallarda bu qadağalar tətbiqinin mümkün olduğu təcrübəsi də var. 

Qazaxıstan ötən ay “TikTok”un fəaliyyətini məhdudlaşdırdı. Onlar bunu belə izah edirdilər: “TikTok”un Qırğızıstan seqmentində, xüsusən də uşaqların informasiya məkanında “məzmun senzurasına sistemli və prinsipial yanaşma yoxdur”.

Azərbaycanda isə başqa bir siyasət aparılır. Belə ki, hüquq-mühafizə orqanları “TikTok” fenomenlərinin sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etdikləri üçün məsuliyyətə cəlb edir, məhkəmələr inzibati həbs cəzaları barədə qərarlar çıxarırlar. Qanunun aliliyi istiqamətində atılan bu addımlar ictimai rəydə rəğbətlə qarşılanmışdı. Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğu da bunu təsdiq edir.

Bu mənada “TikTok”un məhdudlaşdırılmasından ziyadə onun tənzimlənməsi daha səmərəli variant kimi görünür. Hərçənd, bu tənzimləmə heç də asan deyil. Bunun üçün valideynlərin üzərinə mühüm vəzifələr düşür. Ancaq bundan daha gərəkli olan isə hər bir vətəndaşın ictimai məsuliyyəti və bu ictimai məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsidir. 

0.088709115982056