Ağsu Rayon İcra Hakimiyyəti 05 fevral 2015-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş və artıq sənədləri hazır olan yaşayış evlərində təmir işləri aparması ilə əlaqədar “Taleh T.T” Məhdud Məsuliyətli Cəmiyyətlə (MMC) müqavilə imzalayıb.
Yenisabah.az xəbər verir ki, sentyabrın 30-da bağlanan müqaviləyə görə, icra hakimiyyəti görüləcək işlər üçün “Taleh T.T” MMC-yə 630 min 832.78 manat ödəməlidir.
Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Taleh TT” MMC 16.07.2009 tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin qanuni təmsilçisi Dəmirov Əlşah Əbil oğludur. Şirkətin hüquqi ünvanı Ağsu rayonu, Ağsu şəhəri, S.Rzayev küçəsi, ev 2/5-də yerləşir.
“Taleh T.T” MMC ilə bağlı araşdırmalarımız zamanı bəlli olub ki, Ağsu Rayon İcra Hakimiyyəti bu il sözügedən şirkətlə daha iki müqavilə bağlayıb. Müqavilələrdən biri 22 iyul 2019-cu ilə təsadüf edir. Sənəd 5 fevral 2019-cu ildə baş verən zəlzələdən ziyan çəkən evlərdə “cari təmir”i üçün imzalanıb və buna görə MMC-yə 456 min 879 manat ödənilib.
İkinci müqavilə isə sentyabrın 6-da imzalanıb. Yenə də zəlzələdən ziyan çəkən evlərin təmiri üçün “Taleh T.T” MMC-yə 813 min 287.99 manat ödənilib. Beləliklə, Ağsuda baş vermiş zəlzələ nəticəsində evlərə dəymiş ziyan üst-üstə 1 milyon 900 min 999.77 manatı “udub”.
Kənd Təsərrüfatı Nazirliyinin Ağsudakı idarəsinin inzibati binasının tikintisi də “Taleh T.T” MMC-yə tapşırılıb. İki mərtəbəli, 11 iş otağından, laborotoriya və digər otaqlardan ibarət olan binanın inşasına 2014-cü ildə start verilib.
“Taleh T.T” MMC-nin qanuni təmsilçisi Əlşah Əbilova gəlincə, onun adına açıq mənbələrdə yalnız Şəki Apellyasiya Məhkəməsinin qərardadında rast gəlinir. Həmin sənəddə Əlşah Əbilov “Ağsu ATF-in rəisi” kimi təqdim olunur. Bu məhkəmə işi bibaşa Əlşah Əbilova aid olmadığından və onun adı işdə epizodik keçdiyindən təfərrüatlara varmırıq.
Lakin onun “Ağsu ATF rəisi” kimi təqdim edilməsi diqqətimizi çəkdi. Araşdırmalarımız zamanı aydın oldu ki, "ATF" də Ağsu Rayon İcra Hakimiyyətinin "tender partnyor"larından biridir və internet resurslarında bu MMC-nin sentyabrın 30-dan etibarən sabiqlərin sırasına qatılan icra başçısı Ənvər Seyidəliyevə yaxın olduğu barədə materiallar dərc olunub.
Əlşah Əbilov "ATF"nin rəisi kimi təqdim olunsa da, Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur. Nizamnamə kapitalı 20 manat olan MMC 23.12.2003-cü il tarixdə qeydiyyata alınıb. "ATF"nin hüquqi ünvanı isə Göyçay rayonunun Çayarxı kəndidir.
Araşdırmalarımız zamanı o da bəlli olub ki, Ağsu Rayon İcra Hakimiyyəti bir neçə ay əvvəl Ağsu şəhərində asfalt-beton işlərinin görülməsi üçün “ATF” MMC ilə 492 min 822 manatlıq müqavilə imzalayıb.
Mediada Ənvər Seyidəliyevin tender əməliyyatları barədə çoxsaylı neqativ tonda yazılmış çoxsaylı materiallara rast gəlir. Ehtimal etmək olar ki, Ənvər Seyidəliyevin qəfil işdən çıxarılması da bununla bağlıdır.
Hakimiyyet.Az