“Yoxa çıxan” Mahir, ümidləri doğrultmayan Musa, toparlanan Şahruddin: Legionerlərimizin uğursuzluğu - FOTO

Hazırda ölkə xaricində forma geyinən azərbaycanlı futbolçuların sayı kifayət qədər çoxdur. Lakin onların mövcud performansı bir o qədər də azarkeşlərin ürəyincə deyil. Azərbaycanlı legioner oyunçuların əksəriyyəti mövsümün əvvəlində uğurlu çıxış edirdilər, lakin hazırda eyni sözləri demək çətindir.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

“Qeybə çəkilən” Mahir

Bir neçə ildir legioner həyatı yaşayan Mahir Emreli, bəlkə də, ən uğursuz mövsümünü keçirir. Keçən ilin yayında Zaqreb “Dinamo”suna qayıdan hücumçu Xorvatiya çempionatına yaxşı start vermişdi. O, bu mövsüm bütün turnirlərdə ümumilikdə 22 matçda beş qol, beş assistlə yadda qalıb. Sözügedən nəticələr keçən ilə aiddir. Mahir sonuncu dəfə noyabrda “damalılar”ın heyətində meydanda görünüb. Qış fasiləsi zamanı zədələnən forvard sonradan “yoxa çıxıb”. Emrelinin niyə oynamadığı barədə dəqiq məlumat yoxdur. Onun komandası isə çempionluğa çox yaxındır.

Qardaş ölkədə fərqli performanslar

Uğurlu “Qarabağ” karyerasından sonra Tailanda yollanan Ramil Şeydayevin də əvvəlki oyunundan əsər-əlamət qalmayıb. “Buriram Yunayted”də 10 matçda bir qol vuran irəli xətt oyunçusu “Kocaelispor”da 14 görüşdə cəmi bir dəfə fərqlənə bilib. Asiya ölkəsində daha çox meydanda görünən Ramil Türkiyə I Liqa klubunda nisbətən az şans qazanır. Komanda isə Super Liqaya yüksəlmək uğrunda pley-offda mübarizə aparacaq.

Türkiyədəki digər təmsilçilərimizə gəlincə, Vüsal İsgəndərli “Boluspor”da 13 matçda demək olar ki, heç nə ilə yadda qalmayıb. O, mövsümün əvvəlini keçirdiyi Albaniya “Eqnatiya”sında daha yaxşı görünürdü: 17 oyun, altı qol, iki məhsuldar ötürmə. “Boluspor”un isə pley-off oynamaq şansı az deyil. Komanda bunun üçün çox yaxın olduğu ilk “yeddiliy”ə düşməlidir.

Bəxtiyar Həsənalızadə bir müddət əvvəl “Tuzlaspor”un əsas heyətində yerini itirsə də, geridönüş etməyi bacarıb. O, yenidən komandasının əsas oyunçularındandır. Təcrübəli müdafiəçi bu mövsüm 20 qarşılaşmada şans qazanıb və bir dəfə fərqlənə bilib. Lakin komandası I Liqada düşmə zonasındadır. Tuzla təmsilçisi 14-cü pillədə qərarlaşıb və 17-ci yerdən cəmi iki xal aralıdır.

Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” isə liqada yerini qorumaq missiyasını tamamlamaq üzrədir. Komanda 40 xalla 12-ci pillədə qərarlaşıb. Coşqun əsas heyət üzvü hesab olunur. Lakin onun performansı bir qədər enişli-yoxuşludur. Milli üzvü 30 oyunda üç qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.

Toparlanan Şahruddin, Renat üçün təhlükəli zona

Şahruddin Məhəmmədəliyev Türkiyə Super Liqasında oyunu ilə azarkeşlərin rəğbətini qazanıb. O, “Adana Demirspor”a yeni transfer olunanda az oynasa da, hazırda komandanın əsas qapıçısıdır. Tənqidlərə baxmayaraq, topralanmağı bacaran Şahruddin 23 oyunun beşində qapısını toxunulmaz saxlayıb və 32 qol buraxıb. Komanda isə Super Liqanın ortababıdır. Adana təmsilçisi 44 xalla 11-ci yerdə məskunlaşıb.

Renat Dadaşov “Hatayspor”da 28 qarşılaşmada beş qol vurub. Problem ondadır ki, hücumçunun performansı get-gedə zəifləyir. Müqavilə ilə “Qrashopper”ə məxsus olan forvardın İsveçrədəki çıxışı daha gözəgəlimli idi. “Hatayspor”un özünün də vəziyyəti ürəkaçan deyil. Maliyyə problemləri ilə üz-üzə qalan klub Super Liqada 18-ci pillədədir. Komandanın aşağı liqaya düşmək ehtimalı yüksəkdir.

Musa da ümidləri doğrultmur

Musa Qurbanlının İsveçdə işləri qaydasında deyil. Düzdür, o, “Yurqorden” karyerasına uğurlu start vermişdi. Ötən mövsümün əvvəlində 14 qarşılaşmada iki qol vuran və bir assist edə bilən hücumçu sonradan ortalarda görünmür. Bir neçə oyunda zəif performansdan sonra Musa əsas heyətdə yerini itirdi. İndi isə onu demək olar ki, “Yurqorden”də görmək mümkün deyil. Yeni mövsümün startından Qurbanlı cəmi iki oyunda az müddət şans qazanıb. Musa daha çox klubun U-21 komandasında meydana çıxır. Onun yayda klubunu dəyişmək ehtimalı yüksəkdir. Musanın “Qarabağ”a qayıdışı ilə bağlı söz-söhbətlər səngimir.

Etibarlı müdafiəçilər

Cəlal Hüseynov Bolqarıstan “Arda”sının əsas heyət üzvüdür. Millinin müdafiəçisi klubunda 30 matçda bir dəfə fərqlənə də bilib. Komanda isə çempionatın Konfrans Liqası qrupundadır. Lakin bu turnirə vəsiqə qazanmaq şansını artıq itirib.

Anton Krivotsyuk da Cəlal kimi komandasının etibarlı müdafiəçilərindən hesab olunur. O, Cənubi Koreyanın “Daceon Hana Sitizen” klubunda əsas heyət üzvüdür. Anton yeni mövsümdə səkkiz oyunda forma geyinib. Müdafiəçi hətta qol vurmağı da bacarıb. Lakin onun da komandasının performansı zəifdir. Klub II Liqada 12 kollektiv arasında səkkizincidir.

Ümumilikdə, legioner həyatı yaşayan oyunçularımız üçün mövsümü uğurlu hesab etmək olmaz. Bunun göstəricisi odur ki, həmin futbolçulardan hər hansı biri irəli addım atmağı bacarmayıb. Mövcud performansa əsasən isə növbəti transfer dövründə bunun olması inandırıcı görünmür. Haqqında bəhs etdiyimiz futbolçulardan bir neçəsini növbəti mövsüm yenidən Azərbaycan klublarında görsək, təəccüblənməməliyik.

0.18593406677246