Qırğızıstanda Cəlal-Abad vilayətinin Suzak rayonunda yük maşınının uşaqları vurmasına görə 21 məmur məsuliyyətə cəlb edilib.
Bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
Onlar qeyd ediblər ki, hadisəyə görə məsuliyyət daşıyanlardan altı məmur tutduqları vəzifədən azad olunmaq üçün irəli sürülüb. Qalanları intizam sanksiyaları ilə üzləşib. Hansı məmurların cəzalandırılacağı dəqiqləşdirilməyib. Komissiya yoxlamadan sonra belə qənaətə gəlib ki, tədbirin təşkilatçıları iştirakçıların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyiblər.
Qeyd edək ki, hadisə mayın 2-də baş verib. “Manas” dastanına həsr olunmuş tədbirdə “Porter” markalı yük maşını 29 uşağı vurub. Məktəblilər milli müsabiqədə çıxış edərkən maşın izdihamın içərisindən keçib. Polis idarəsinin məlumatına görə, sürücü avtomobili yamacın yuxarı hissəsində saxlayıb və avtomobil aşağı yuvarlanıb.
Yaralanan 11 uşağa yerində tibbi yardım göstərilib və onlar ambulator müalicəyə buraxılıblar. Daha 18 nəfər isə xəstəxanaya yerləşdirilib. Son məlumatlara görə, yeddi uşaq hələ də reanimasiyadadır, onlardan dördünün vəziyyəti ağırdır. Yük maşınının sürücüsü isə saxlanılıb.
Mənbə: Gazeta.ru