Artıq bir aydır ki, istehsal tarixi 15 ili keçməyən nəqliyyat vasitəsinə malik hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan AYNA informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada müraciət edərək icazələr əldə edirlər.
Məsələn, 11 il əvvəl istehsal olunmuş avtomobilə 1 iyul tarixinədək icazə alındığı təqdirdə növbəti dörd il taksi fəaliyyəti göstərmək mümkün olacaq.
İyulun 1-dən isə taksi fəaliyyəti üçün yalnız istehsal ili 8 ildən çox olmayan nəqliyyat vasitələrinə buraxılış vərəqəsi veriləcək. Həmçinin, qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilərsə və ya ölkəmizdə istehsal olunarsa, onların rəngi ağ və ya qırmızı olmalıdır.
Bəs indiyə qədər müraciət edən neçə taksiyə buraxılış vərəqəsi verilib? Neçə taksi sürücüsünə müvafiq tələblərə cavab vermədiyinə görə buraxılış vərəqəsi verilməyib?
Bu günə qədər təlim keçmiş neçə sürücüyə sertifikat verilib? Neçə sürücü təlimlərin qiymətləndirilməsində uğursuz nəticə göstərərək lisenziya ala bilməyib?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu günədək 1 000-dən artıq şəxs müraciət edərək, taksi fəaliyyəti üçün icazə alıb:
“İcazələr elektron qaydada verilir. Elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması üçün AYNA tərəfindən taksi parklarında təlimlər keçirilib və xidmətdən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb. Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı oktyabrın 1-dən qüvvəyə minən qanunvericiliyin tələblərinə əməl olunması məqsədilə taksi sürücülərinin hazırlığı da davam etdirilir.
Bu günə kimi 18 minə yaxın sürücü bu təlimlərdə öz bilik və bacarığını artırmaq üçün müraciət edib. Onlardan 16 550 nəfər təlimləri başa vuraraq, şəhadətnamə alıb. Digər sürücülərin təlimləri hazırda intensiv şəkildə davam etdirilir. Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər”.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda bildirilib ki, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir. Vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir.
Könül Cəfərli