32 ildən sonra nəşi tapılan şəhidimizin qızı: "Atamla fəxr edirəm"

"25 yaşında könüllü şəkildə Qarabağ uğrunda döyüşlərə getdi".

hakimiyyet.az xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Elşən Nəzərəli oğlu Xasiyevin həyat yoldaşı Təranə Xasiyeva deyib.

O bildirib ki, yoldaşı onlar ailə qurduqdan bir neçə il sonra könüllü müharibəyə gedib:

"Müharibəyə gedəndən sonra Kəlbəcərdə Murovdağ istiqamətində döyüşüb. Bizə də demişdilər ki, orada Murovdağda itkin düşüb. 32 ildən sonra nəşini tapdıq. 32 il gözümüz yolda idi ki, gələcək. Oğlum atasını görmədi. Hər dəfə deyirdi ki atamın bir məzarı olmadı ki, gedib dərdləşim. Ata həsrəti ilə yaşadı oğlum. İndi atasının sümüklərini gördü. Atası 1994-cü ilin fevralında şəhid olub, oğlum apreldə dünyaya gəlib".

Qızı Xəyalə Xasiyeva deyir ki, atası ilə fəxr edir:

"Mən atamın yolunu həsrətlə gözləyirdim. İndi isə onun cansız bədənini gətirdilər. Kaş sağ gələrdi, boynumu qucaqlayaraq qızım deyərdi. Heç bir övlada ata həsrəti arzu etmirəm. Allah prezidentimizdən razı olsun, artıq atamla dərdləşmək üçün gedəcək bir məzarı var".

Vida mərasimindən sonra hərbçi Elşən Xasiyev Bakı şəhərinin Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Könül Cəfərli

0.050462961196899