Mayın 15-də həyatına sui-qəsd cəhdi edilən Slovakiyanın Baş naziri Robert Fitsonun sağlamlıq durumu artıq narahatlıq doğurmur, lakin Banska-Bistrisa şəhər xəstəxanasında müalicəsi davam etdiriləcək. Onun ölkənin paytaxtı Bratislavaya gətirilməsi bir neçə gün və ya həftədən tez mümkün olmayacaq.
Avropa ölkəsinin liderinə sui-qəsd cəhdi olduqca səs-küylü və nadir hadisədir. Bu barədə hakimiyyet.az-a müsahibəsində Slovakiya Xarici Siyasət Assosiasiyasının (Slovak Foreign Policy Association) baş elmi işçisi, Preşov Universitetinin politologiya üzrə professoru, Slovakiyanın baş nazirinin keçmiş müşaviri Aleksandr Duleba şərh verib.
- Mən bu sui-qəsd cəhdini Slovakiyada siyasi vəziyyətin həddən artıq qızışması ilə əlaqələndirirəm. Artıq bir ildən artıqdır ki, bizdə seçkiqabağı kampaniya aparılır. 2023-cü ilin sentyabrında namizədlər arasında kəskin və hətta çirkin mübarizə fonunda ölkədə parlament seçkisi keçirildi. Daha sonra prezident seçkisi baş tutdu, ikinci tur bir aydan bir az çox müddətdir, başa çatıb və çox gərgin kampaniya idi. İndi isə Avropa Parlamentinə seçkini gözləyirik.
Prezident seçkisinin nəticələrinə görə məlum oldu ki, Slovakiyada seçicilər təxminən 50-50-yə bölünüblər (ölkə parlamentinin spikeri, hakim koalisiyaya daxil olan Səs - Sosial Demokratiya Partiyasının rəhbəri Peter Pelleqrini 53% səs toplayaraq prezident seçkisinin ikinci turunda qalib gəlib - red.).
Və baxın, Slovakiya Respublikasının Milli Şurasına seçki necə başa çatdı. Bizim parlamentdə 150 deputat var, çoxluğu əldə etmək və hökuməti qurmaq üçün 76 yer lazımdır. Hakim koalisiyaya daxil olan üç partiya 79 bal toplayıb. Yəni parlamentdə sabit çoxluq yoxdur.
Səhiyyənin necə inkişaf etdirilməsi və digər məsələlər barədə təkcə rasional arqumentlərdən istifadə edilməyib və istifadə edilmir. Qara piardan istifadə edərək siyasi opponentlərə qarşı hücumlar həyata keçirilir.
Robert Fitso hökumətinin formalaşdırılmasından sonra çox ciddi addımlar atıldı. Məsələn, korrupsiya məsələləri ilə məşğul olan xüsusi prokurorluq ləğv edildi, Cinayət Məcəlləsi dəyişdirildi (korrupsiya cinayətlərinə görə cəza müddətləri azaldıldı), Slovakiya ictimai televiziyasının statusunu dəyişdirən qanun hazırlandı (bizdə telekanalın rəhbərini parlament təyin edir və o, hökumətdən asılı olmayan şəxs kimi fəaliyyət göstərir). Bundan əlavə, hakimiyyət tərəfindən qeyri-hökumət təşkilatları ilə bağlı qanun təklif edilib.
Beləliklə, bir daha vurğulayım ki, ölkədə siyasi ehtiraslar alovlanır. Bir də frustrasiya halı (insanın nəyisə əldə edə bilməyəndə yaşadığı emosional vəziyyət - red.) var. Və indi baş nazirə hücum edən şəxs (Robert Fitsonu güllələyən yazıçı Yuray Sintula - red.) peyda oldu. O, siyasi ehtirasların bu şiddətini həzm edə bilmədi və görünür, daha radikal köklənmişdi, baxmayaraq ki, elə görünmürdü. Sintulanın 71 yaşı var və üç şeir toplusu yazıb. Düzdür, etiraz aksiyalarında fəal iştirak edib. Çox güman ki, o, ağlını itirmiş vəziyyətdə olub və nəticədə elədiyini eləyib.
- Bəs Slovakiya cəmiyyəti baş nazirə qarşı sui-qəsd cəhdinə necə reaksiya verdi?
- Bu, sadəcə, şok idi. Yuray Sintula aksiyanı gizli şəkildə hazırlayıb, onun silahları leqal olub. O, təqaüddədir və təhlükəsizlik şirkətində çalışaraq əlavə qazanc əldə eləyib, ona görə də silah üçün icazə ala bilib.
Amma mən Milli Təhlükəsizlik Şurasının bu yaxınlarda keçirilən iclasından sonra hökumət koalisiyasına daxil olan nazirlərin sakitliyə, cəmiyyətdə və KİV-də siyasi zəmində nifrət təzahürlərinə son qoymağa çağırmalarını, hətta öz sərt bəyanatlarına görə üzr istəmələrini yüksək qiymətləndirirəm.
Siyasi mübarizə qanuni vasitə və üsullarla aparılmalıdır. Əgər indi müxalifət nümayəndələrinə hücum etmək qərarına gələn Fitso hökumətinin radikal tərəfdarı ortaya çıxsaydı, o zaman ən qorxunc hal baş vermiş olardı. Və o zaman zorakılıq spiralı açılmağa başlaya bilərdi.
İndi hökumət hər kəsi sakit dialoqa çağırıb, polis iqtidaryönlü və müxalifət partiyalarının nümayəndələrinə, deputatlara mühafizəçilər təyin edib. Sosial şəbəkələrdə bu və ya digər tərəfə ünvanlanan aqressiv ifadələrin monitorinqi aparılır.
Bəli, asan vəziyyət deyil. Mən təkrar edəcəyəm, bu, hamı üçün sadəcə, şokdur. Biz bu il seçki yarışlarının ölkəni hara gətirib çıxardığının şahidi olduq. Bu, sadəcə, qorxuncdur.
- Yeri gəlmişkən, Slovakiyanın Baş naziri Robert Fitso hələ aprel ayında yazmışdı ki, ölkədə hökumət siyasətçilərinə qarşı hücumlar və onların qətlləri baş verə bilər.
- Bəli, mən sizə bu zəminlər barədə demişdim. Və hökumət rəsmilərinin müxalifətin və hazırkı Prezident Zuzanna Çaputovanın (yeni seçilmiş prezident Peter Pelleqrininin andiçmə mərasiminin iyunda keçirilməsi gözlənilir - red.) ünvanına nələr dedikləri barədə danışmayacağam. Siyasi ehtirasların alovlanmasının günahı hər iki tərəfin üzərinə düşür, çünki hər kəs emosiyaları oyandıran arqumentlərdən istifadə edirdi.
Nair Əliyev