Qüdsdə 2300 illik qızıl üzük aşkarlandı

İsrail Qədim Əşyalar İdarəsi və Təl-Əviv Universitetinin Qüdsdəki Davud şəhərciyində birgə qazıntıları zamanı 2300 yaşı olduğu təxmin edilən qaşlı qızıl üzük aşkarlanıb.

Bu barədə İsrail idarəsinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

"Üzük çox kiçikdir. O, qadının kiçik barmağına, ya da gənc qızın və ya oğlanın barmağına uyğundur", - qurumun arxeoloqları Yiftaç Şalev və Riki Zalut Har-Tov bildiriblər.

Alimlərin fikrincə, üslub baxımından üzük fars və erkən ellinizm dövrlərinin ümumi dəbini əks etdirir. Əşya eramızdan əvvəl IV əsrin sonu - III əsrin əvvəllərinə aiddir. Belə ki, bu dövrdə insanlar bəzəkli naxışlara deyil, qaşlı qızıl üzüklərə üstünlük veriblər.

Qeyd edək ki, arxeoloqlar iyirmi ildir ki, Qüdsün ən qədim yaşayış məntəqəsi olan Davud şəhərciyində qazıntılar aparırlar.

Mənbə: TASS

0.041104078292847