Qaluzin: "Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası regional təhlükəsizliyə töhfə verəcək"

"Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası həm iki ölkə arasında münasibətlərə, həm də regional təhlükəsizlik və sabitliyə töhfə verəcək".

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən təntənəli qəbulda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli razılaşmaların əsas istiqamətlərindən biridir.

M.Qaluzin həmçinin vurğulayıb ki, Azərbaycan beynəlxalq münasibətlərin fəal iştirakçısıdır, Cənubi Qafqaz regionunda və beynəlxalq aləmdə nüfuza malikdir.

"Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunan razılaşmalar əsasında əməkdaşlığımız bütün sahələrdə inkişaf edir. Çoxşaxəli ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrimiz mövcuddur", - deyə nazir müavini əlavə edib.

0.19718599319458