Qədim Misirdə xərçəng müalicəsi: 4 min illik kəllə sümüyündə nələr aşkarlandı?

Qədim misirlilər təxminən 4500 il əvvəl xərçəngi müalicə etməyə çalışıblar.

4000 illik kəllə sümüyünü tədqiq edən elm adamları, şişlərlə əlaqəli olan cərrahi müdaxilənin izlərini tapıblar.

Alimlərin sözlərinə görə, qədim misirlilər xərçəng xəstəliyini araşdırmağa və müalicə etməyə çalışıblar və tapıntı da buna sübutdur.

İspaniyanın Santyaqo de Kompostela Universitetindən olan paleopatoloq Edqard Kamaros və həmkarları Qədim Misir sivilizasiyasında xərçəngə yanaşmanı ortaya çıxarmaq üçün xərçəng toxumasına malik olan 4000 illik kəllə sümüyünü tədqiq ediblər.

Tədqiqatçılar xərçəngin sümüyə necə yayıldığını və Qədim Misir həkimlərinin xəstəliyə necə müdaxilə etdiyini aşkarlamaq üçün yüksək ayırdetmə qabiliyyətinə malik 3 ölçülü mikroskopiya cihazlarından və müxtəlif radioloji üsullardan istifadə ediblər.

Elm adamları 30-35 yaşlarında kişinin kəllə sümüyünün müayinəsi nəticəsində sümükdə zədələnmiş yerin ətrafında bəzi cərrahi kəsik izləri aşkarlayıblar. Bildirilib ki, kəsiklər iti bir cisimdən istifadə etməklə xərçəngi anlamaq üçün aparılan araşdırmalar və ya xəstəliyin müalicəsi məqsədilə qoyulmuş ola bilər.

Tədqiqatçılar qrupunun rəhbəri, professor Kamaros bildirib ki, hər iki ehtimal şişlərlə yaxından əlaqəli cərrahi müdaxiləyə işarə edir.

"Bu tapıntı Qədim Misir təbabətində xərçənglə mübarizə aparılması və ya bu xəstəliyin kəşf edilməsinə dair unikal sübutudur", - deyə o qeyd edib.

Araşdırmanın təfərrüatları "Frontiers in Medicine" jurnalında dərc olunub.

Mənbə: NTV.com.tr

0.097130060195923