Belousovdan NATO və Aİ-yə ittiham: "Ermənistan-Azərbaycan münasibətlərində gərginliyi artırırlar"

"NATO və Avropa İttifaqı Rusiya ilə qarşıdurma kursu ilə Gürcüstanda, eləcə də Ermənistan-Azərbaycan münasibətlərində gərginliyin artmasına səbəb olurlar".

Bu sözləri Rusiyanın müdafiə naziri Andrey Belousov Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

"Alyansın ayrı-ayrı ölkələri Qafqazda öz mövqelərini gücləndirməyə, bununla da Xəzər dənizinin resurslarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışırlar. Vəziyyətin sabitliyi pozulur və Gürcüstanda etiraz aksiyaları maliyyələşdirilir ki, bununla da fəal anti-Rusiya hərəkətlərinə nail olmağa cəhd edilir", - deyə Belousov bildirib.

O əlavə edib ki, Ermənistan və Azərbaycana ziddiyyətlərin həll edilməsi üçün təntənəli şəkildə vasitəçilik xidmətləri təklif edilir.

"Sülh sazişinin yalnız Qərb platformalarında və diktə altında imzalanması təklif olunur", - deyə Rusiyanın müdafiə naziri qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton və Brüsselin təhlükəsizlik və müdafiənin gücləndirilməsi bəhanəsi ilə Ermənistanı öz maraqları dairəsinə cəlb etmək planları xüsusi narahatlıq doğurur.

Mənbə: TASS

0.046450853347778