Maksim Medvedev: "Qarabağ"sız yaşaya bilmərəm"

"Futbolçular çox vaxt klublarda karyeralarını bitirirlər. İki ildir ki, yığmada oynamırdım. Fikirlərimi tam kluba yönəltmişdim".

Bu sözləri ötən gün karyerasını başa vuran "Qarabağ"ın futbolçusu Maksim Medvedev "Report"a müsahibəsi zamanı deyib.

On dəfə Azərbaycan çempionatının, altı dəfə ölkə kubokunun qalibi olan 34 yaşlı müdafiəçi gələcək planlarından bəhs edib.

- İlk olaraq karyeranızı başa vurmağınızla bağlı danışmağınızı istərdik. Bu qərarı vermək sizin üçün çətin oldu?

- Əlbəttə. Çox ağır oldu. Amma realist olmaq lazımdır. Hansı futbolçunun oynamasının fərqi yoxdur. "Qarabağ"ın həmişə zirvədə olmasını və ən yaxşısını etməsini istəmişəm. Çünki klubumuzu milyonlarla insan sevir. Karyeramı yüksək notlarla bitirməyi qərara aldım. Fikirləşdim ki, artıq tam zamanıdır. Qərar vermək ağır idi. Amma hiss edirdim ki, artıq sondur və buna hazır olmalıyam. Özümü də buna hazırladım. İndi isə istirahətə gedirəm. Bir az dincələndən sonra daha yüksək əhval-ruhiyyə ilə yeniliklər etmək istəyirəm. Bütün gücümü, fikrimi həmin yola yönəltməliyəm.

- Geriyə baxanda Maksim Medvedev karyerasında nələrdənsə peşman olduğunu düşünürmü?

- Xeyr. Heç nədən peşman deyiləm. Ancaq xoşbəxtəm. Sual versəniz ki, növbəti dəfə də bu peşəni seçərdinizmi? Bəli. Yenidən bu emosiyaları, eyni həyəcanı yaşamaq, həmin insanlarla işləmək istəyərdim. Çünki bu dəhşətli hissdir. Hər dəfə deyəcəyəm: yenidən dünyaya gəlsəydim, "Qarabağ"da oynamaq istəyərdim.

- Karyeranızda unuda bilmədiyiniz oyun hansıdır?

- Belə matçlar çoxdur. Onların arasında pozitiv və neqativ olanları da var. Çoxunu xatırlayıram. Bir qarşılaşmanı vurğulaya bilmərəm. Çünki hər matçda fərqli emosiyalar yaşamışam. Normal insan o emosiyaları yaşaya bilməz. Bir görüşü demək düzgün olmaz. Son 10 ilə təsadüf edənlər çox görkəmli və emosiyalı qarşılaşmalar olub. 20-30 belə oyun var.

- Ola bilməz ki, karyeranız ərzində sizə başqa klublardan təkliflər gəlməsin. Artıq futbolçu həyatı sona çatıb. "Qarabağ"a görə hansı klublardan imtina etdiyinizi deyə bilərsiniz?

- Təbii ki, bu, normaldır. Futbolçuya daim təklif gəlir. Amma mən bu klubda futbola başlamışam və "Qarabağ"a görə həyatımı qurmuşam. Burada da karyeramı bitirmək istəyirdim. Hansı klublardan təkliflərin gəldiyini açıqlamaq istəmirəm. Bəzən elə təkliflər olurdu ki, 99 faiz "hə" deyib gedərdilər. Amma mən maddi tərəfi fikirləşmirdim. Yanımdakı insanlara hörmət ən vacibidir. Böyüyəndə, tərbiyə alanda da belə şeylərə çox rast gəlmişəm. Məni sevənlər və dəstək olanlar da çox idi. Özümə sığışdıra bilmirdim ki, belə insanlarla yollarımı ayıra bilərəm. Bu mənə məxsus olan xarakterdir. Bu addımı ata bilməzdim. Bu səbəbdən ancaq "Qarabağ"ı seçdim və burada karyeramı başa vurdum.

- Azərbaycan futbolunda əvvəlki kimi oyunçular üçün vida matçları təşkil olunmur. Siz bunu istəyirsiniz?

- Vida matçı formal xarakter daşıyır. "Qarabağ"da karyeramı bitirmişəm. Amma həmişə "Qarabağ"lı olacağam. Bazanın qapıları mənim üçün açıqdır. Həmişə uşaqlarla, məşqçilərlə, futbolçularla birlikdə olacağam, görüşəcəyəm. 20 ildən sonra birdəfəlik getmək mümkün deyil. Bu, həyatımın sonunadək belə davam edəcək. Bu klubsuz yaşaya bilmərəm.

- Azərbaycan millisi ilə vidalaşmağınız çox da ürəkaçan olmadı. Vida matçına məhz milli forma ilə çıxmaq istəməzsiniz?

- Məncə, bu, futbolçu tərəfdən olmur. İkitərəfli danışılmalı və nə isə edilməlidir. Azərbaycanda son dəfə milli tərəfdən kimlərinsə yola salındığını xatırlamıram. Futbolçular çox vaxt klublarda karyeralarını bitirirlər. İki ildir ki, yığmada oynamırdım. Fikirlərimi tam kluba yönəltmişdim. Millidə də çox gözəl vaxtlarım olub. Həmişə millinin formasını geyinəndə, oradakı insanlarla birlikdə olanda sevinirdim. Bu, mənim üçün böyük təcrübə olub. Vida matçının olacağını gözləmirəm. Çünki əsas odur ki, yaddaşlarda qalaq. Hər kəslə əlaqəm yüksək səviyyədədir. Kimlərlə işləmişəmsə, hamısına minnətdarlığımı bildirirəm.

- Ötən gün "Zirə"ni məğlub edərək altıncı dəfə Azərbaycan Kubokunu qazanmaqla ölkə futbolunun tarixinə düşdünüz. Ağdam klubunda digər rekordlara da sahibsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Heç vaxt rekordların arxası ilə qaçmamışam. Öz işimi maksimum yaxşı yerinə yetirməyə çalışırdım. Çox kubok qazanmışam. Bu rekordun qırılmasını arzulayıram. Çünki fantastik hadisədir. Rekordlar qırılmaq üçün var. Öz peşəsinə peşəkar kimi yanaşanlar bunlara nail olsunlar. Bu, futboldur. Bu idman növündə hər kəs daim zirvədə olmaq istəyir. Burada qalmaq isə daha çətindir. Titulları əldə etmək çətindir. Amma istəyərəm ki, Azərbaycanda 6-dan çox ölkə kubokuna sahib olan tapılsın.

- Qurban Qurbanov məşqçi kimi fəaliyyət göstərmək istədiyinizi deyib. Əsas komandada, yoxsa akademiyada çalışacaqsınız?

- Qurban müəllimin açıqlaması ilə tanışam. Tətildən qayıdandan sonra baş məşqçi və klub rəhbərliyi ilə danışacağıq. Lazım olsa, akademiyada, məşqçilər korpusunda kömək göstərməyə hazıram. Bunun üçün böyük motivasiyam var. Hamısı müzakirə olunacaq. Əsas odur ki, "Qarabağ"a faydalı olaq. Çünki mən özümü həmişə "Qarabağ"lı kimi hiss edəcəyəm.

- Futbolçu karyeranız kuboklarla, mükafatlarla zəngindir. Məşqçi kimi nəyə nail olmaq istəyirsiniz?

- Bunu ancaq zaman göstərəcək. Yaxşı futbolçunun eyni səviyyədə mütəxəssis olacağına etibar yoxdur. Hər bir şeyə diqqət yetirəcəyik və nəzərə alacağıq. Hər şey ola bilər. Hazırda emosional vəziyyətdəyəm. Soyuqqanlı qərarlar vermək və düşünmək lazımdır. Danışıqlar olmalıdır. Bundan sonra dəqiq məlumat verəcəyəm.

- Övladlarınız "Qarabağ"ın aşağı yaş qruplarında çıxış edirlər. Onların da bu kluba bağlı olmasını arzulayırsınız?

- Hər iki oğlum akademiyada məşq edir. Pis də deyillər. Hər şey onlardan asılıdır. Mənim xarakterim, düşüncələrim fərqlidir. Uşaqlıqda həyat tərzim tamam başqa idi. Uşaqlar isə fərqli böyüyürlər. Nə olacağını bilmirsən, hər şeyə hazır olmalısan. Bu gün futbolçu olmağı planlaşdıra bilərlər. Bəlkə də sabah başqa sahəyə yönəlmək istəyəcəklər. Ona görə bu prosesdə çox diqqətli olmaq lazımdır. Məni ideal görürlər, həmişə yanımda olurlar. İnanıram ki, onlar da belə hisslər keçirmək istəyirlər. Arzum odur ki, heç olmasa, övladlarımdan biri futbolun arxasınca getsin, öz komandasına sadiq qalsın. Bu mənim arzumdur. Amma uşaqların fikirləri, beyinləri fərqli işləyir. Bizlə paralel getmir. Hər dəfə başqa fikirlər olur. Bu səbəbdən bu sualı cavablandırmaqda çətinlik çəkirəm. Həyatda daim dəyişikliklər olur. Necə olacağını Allah bilir.

0.057458877563477