Yeni Kaledoniyanın XİN başçısı: "Fransa bütün haqlarımızı əlimizdən alıb"

"Yüz yetmiş bir ildir, Fransa tərəfindən müstəmləkəçilik altında yaşayırıq, bütün haqlarımız əlimizdən alınıb".

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda iştirak edən Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest deyib.

Nazir bildirib ki, ölkəsi xüsusilə son vaxtlar Fransanın ciddi təzyiqləri ilə üz-üzədir: "Ölkəm Yeni Kaledoniyadır. Biz Sakit okeanda, Melaneziya bölgəsindəyik. 1986-cı ildə indiyədək BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin siyahısındayıq. Məhz 2023-cü ilə qədər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ərzində sizin ölkənizlə beynəlxalq səviyyədə işləmək üçün yeni imkanlarımız oldu. Ötən müddət ərzində Azərbaycan haqlı mübarizəmizdə yanımızda oldu, xüsusən beynəlxalq ictimaiyyəti ölkəmin hüquqlarına hörmət etməyə çağırdı".

Nazir qeyd edib ki, son vaxtlar ölkəsində vəziyyət daha da pisləşib: "Yeni Kaledoniyada çoxsaylı fransız hərbçi var, onlar qadınları, uşaqları hədəf alıblar. Bölgədəki 3 000-dən çox hərbçi sakinləri öldürür və ya şikəst edir. Bu gün BTQ vasitəsilə BMT platformasında bu məsələni gündəmə gətirdik və beynəlxalq ictimaiyyətdən kömək istədik".

M.Forrest ölkəsi və xalqı üçün mübarizəsini bundan sonra da davam etdirəcək: "Xalqların öz müqəddəratını təyinetmə hüququ, bütün dünya üçün keçərlidir. Qoşulmama Hərəkatı və Bakı Təşəbbüs Qrupu vasitəsilə başqa bir çox qardaş xalqlar, eləcə də ölkələr - Kosika, Martinik, Polineziya adalari kimi kiçik dövlətlərdəki müstəmləkəçilik problemlərin dünya ictimaiyyətinə çatdırılması üçün bir çox yeni proqram hazırlanıb, müzakirələr aparılır. Düşünürəm ki, bütün bunlar bizim üçün yaxşı fürsətdir. Bizim kimi kiçik xalqların, ada ölkələrinin bu fürsətdən istifadə etməklə öz səslərini eşitdirməsi vacibdir.

BTQ və BMT ilə işləməyə davam edəcəyik və ölkəmizin tam suverenliyi üçün bütün çətinliklərin öhdəsindən gələcəyik".

Bakı Təşəbbüs Qrupu (BTQ) dünya ictimaiyyətini müstəmləkə edilmiş regionlardakı real vəziyyət barədə məlumatlandırmaqda davam edir.

"Report" xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasovun BMT-nin müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməsinin həyata keçirilməsi ilə bağlı yaradılan xüsusi komitəsinin (C24) illik iclası çərçivəsində təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında keçirilən konfransın iştirakçılarına videomüraciətində deyilir.

"Təşkilatımız bərabərlik və ədalətin əsas dəyərlərini qorumaq üçün fəaliyyətləri dəstəkləməyə davam edəcək. Biz qəti şəkildə inanırıq ki, insan hüquqlarının təşviqi və qorunması yolu ilə müstəmləkəçiliyin kökünün kəsilməsinə mühüm töhfə verəcəyik", - o deyib.

A.Abbasov qeyd edib ki, BTQ bir sıra beynəlxalq tədbirlər keçirib, burada müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni nəticələri, müstəmləkə ərazilərində insan hüquqlarının pozulması müzakirə olunub.

"Fransa hökuməti tərəfindən Yeni Kaledoniyada fundamental insan hüquqlarının pozulmasına dair son hadisələr Fransa hökumətinin dekolonizasiya ilə bağlı BMT Baş Assambleyasının qətnamələrini yerinə yetirmək üçün siyasi iradə nümayiş etdirmədiyinə növbəti sübutdur", - o söyləyib.

"Biz kanaki xalqı ilə tam həmrəy olduğumuzu bildiririk və onların seçicilərin genişlənməsinə qarşı ədalətli mübarizəsini dəstəkləyirik, həmçinin Fransa hakimiyyətinin təklif etdiyi düzəlişlərin ləğvini tələb edirik", - BTQ-nin icraçı direktoru əlavə edib.

Bakı Təşəbbüs Qrupu hazırda BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün illik iclası çərçivəsində "Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu" adlı Konfrans keçirir.

APA xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Kaledoniyada Fransa polisi və jandarması tərəfindən öldürülən mülkü şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

0.047616004943848