Azərbaycanın badmintonçuları Serbiyada beynəlxalq yarışda dörd medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları Serbiyanın Novı Sad şəhərində keçirilən "Serbian Youth International 2024" turnirində bir qızıl, iki gümüş və bir bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, doqquz yaşadək badmintonçu qızların şəxsi yarışında Mələk Təhməzli qrup mərhələsini iki qələbə ilə başa vuraraq uğurlu seriyanın davamını yarımfinalda da gətirib.

Həlledici görüşdə üç setin yekununda Kipr təmsilçisinə qalib gələn idmançımız turnirin qızıl medalını qazanıb.

Ömər Teymurlu isə 13 yaşadək oğlan badmintonçuların şəxsi mübarizəsində finala kimi irəliləyib.

Bu kateqoriyada dörd qələbə qazanan Ö.Teymurlu finalda macar rəqibinə uduzaraq gümüş medala yiyələnib.

13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da gümüş medal Azərbaycan təmsilçilərinin hesabına yazılıb.

Mübarizəyə 1/8 finaldan başlayan Ömər Mehdi-Ömər Teymurlu ardıcıl üç qələbə sayəsində finala yüksəlib.

Azərbaycan idmançıları qızıl medalın bir addımlığında macarıstanlı rəqiblərinə uduzaraq bu kateqoriya üzrə yekun sıralamada ikinci sırada qərarlaşıblar.

İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan badmintonçuların qoşa yarışında bürünc medal qazanıblar.

0.16596603393555