Toivo Klaar: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əksər elementləri razılaşdırılıb"

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistanın sülh sazişinə həmişəkindən daha yaxın olduqlarına əmindir.

"Report"a müsahibəsində T.Klaar deyib ki, Aİ Ermənistan-Azərbaycan ikitərəfli görüşlərində əldə olunan irəliləyişi qeyd etməkdən məmnundur:

"COP29 üzrə 7 dekabr 2023-cü il tarixli Birgə Bəyanatı, saxlanılan hərbçilərin azad edilməsi, 1991-ci il Almatı Bəyannaməsinin sərhədlərin delimitasiyası işlərinin əsası kimi əhəmiyyətini bir daha təsdiqləyən 19 aprel 2024-cü il tarixli sərhəd razılaşmasını və sonradan həyata keçirilən delimitasiya və demarkasiya kimi müsbət irəliləyişləri təqdir etdik".

Onun sözlərinə görə, bütün bunlar çoxdan gözlənilən sülh sazişinin bağlanması üçün əlverişli zəmin yaradıb və müşahidələrə əsasən, tərəflər indi siyasi iradə ilə çox tezliklə imzalana biləcək sazişə həmişəkindən daha yaxındırlar.

"Bu yazın son onilliklərdə bölgədə ən sakit dövrlərdən biri olması faktını da alqışlamaq lazımdır. Tərəflərin düzgün yolda olduğuna inanıram. Ümid edirəm ki, müsbət irəliləyişlər davam edəcək və tezliklə növbəti konkret razılaşmalar və digər etimad quruculuğu tədbirləri əldə olunacaq", - o deyib.

T.Klaar vurğulayıb ki, artıq sülh müqaviləsinin əksər elementləri razılaşdırılıb və qalan məsələlər də asanlıqla qəbul edilə bilər.

"Həmişə olduğu kimi, Aİ istər tərəflərin görüşlərini asanlaşdıraraq və ya görüşlərə ev sahibliyi edərək, istərsə də sülh sazişinin imzalanmasından sonra daha əməkdaşlığameyilli və bir-birinə bağlı Cənubi Qafqaz inşa etmək üçün sülhün yaratdığı əlverişli imkanların müzakirəsi yolu ilə tərəflərin faydalı hesab edə biləcəyi istənilən formada prosesi dəstəkləməyə hazırdır", - T.Klaar bildirib.

0.047324895858765