Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayır.
hakimiyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutacaq.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək.
Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsinə yerləşdirilib.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.