Andrey Zeltın: "Pezeşkian Rəisinin siyasətini davam etdirməyəcək"

İranda seçki sensasiya ilə başa çatdı. İkinci turda altı namizəd arasında islahatçı xəttin yeganə təmsilçisi olan Məsud Pezeşkian qalib gəldi. O, mühafizəkar rəqibi Səid Cəlilini 10 faiz səs üstünlüyü ilə qabaqladı. Digər tərəfdən, seçkinin əsas favoriti hesab olunan İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf heç ikinci tura belə keçə bilmədi.

Yeri gəlmişkən, heç də bütün analitiklər İranda keçirilən prezident seçkisində mühafizəkarların qələbəsinə "stavka" etmirdilər. Onlardan biri də Yaxın Şərq üzrə aparıcı ekspert, Ali İqtisad Məktəbinin Milli Tədqiqat Universitetinin Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər fakültəsinin Şərqşünaslıq məktəbinin baş müəllimi, Rusiya Beynəlxalq İşlər Şurasının eksperti Andrey Zeltın idi. hakimiyyet.az mövzu ilə bağlı Andrey Zeltına suallar ünvanlayıb.

- İranın Ekspertlər Şurası Məsud Pezeşkianın namizədliyini təsdiq edəndən dərhal sonra tələbələrimə onun İranın növbəti prezidenti olacağını söyləmişdim. Bununla belə, M.Pezeşkian nisbi islahatçıdır. Nəzərə almaq lazımdır ki, o, son bir neçə ildə etdiyi bütün çıxışlarında hər zaman İranın ali dini rəhbəri Əli Xameneiyə və onun siyasi xəttinə sadiqliyini vurğulayıb. Buna baxmayaraq, o, seçki kampaniyası zamanı Qərblə münasibətləri yaxşılaşdıracağını bildirib.

Bu gün hamı yekdilliklə deyir ki, ölkədə ikinci fiqur olan Pezeşkian seçilsə də, İranın xarici və daxili siyasəti dəyişməyəcək. Əsas siyasi kursu ali dini rəhbər müəyyən edir. Mən bu yanaşmanı uzaqgörənlik kimi qiymətləndirmirəm. Görünür, Xamenei və onun qulağına pıçıldayanlar belə bir qənaətə gəliblər ki, nəsə etmək lazımdır, heç olmasa, nəyisə kosmetik olaraq dəyişdirmək lazımdır.

Müxtəlif müşahidəçilərin nikbin bəyanatlarına baxmayaraq, İranda durum dalana dirənmiş vəziyyətdədir. Dünya irəliyə doğru hərəkət edir, İran isə gecikir. Təbii ki, İranın dərhal demokratikləşməyə başlayacağından danışmırıq, lakin Pezeşkianın hakimiyyətə gəlməsindən bir neçə ay sonra bəzi dəyişiklikləri görməyə başlayacağıq. Düşünürəm ki, ilk əlamət Qərblə, ola bilsin ki, amerikalılarla əlaqə yaratmaq cəhdi olacaq. Bu cəhd, hamımızın başa düşdüyü kimi, Qərb tərəfindən böyük həvəslə qarşılanacaq. Üstəlik, hamı başa düşür ki, rəhbər Əli Xamenei qocadır və o qədər də sağlam deyil. Çox güman ki, rəhbərin dəyişməsi prosesi Məsud Pezeşkianın prezidentliyi dövründə baş verəcək. Bu, həm də ehtimal olunan irəliləyiş üçün ciddi göstəricidir. Ümumiyyətlə, Pezeşkianın prezidentliyi dövründə rəhbərin dəyişməsi maraqlı olacaq.

- Siz İranın Qərblə münasibətlərindən danışarkən İranın nüvə proqramını nəzərdə tutursunuz?

- Mən ilk növbədə nüvə proqramını nəzərdə tuturam. İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə birgə hərtərəfli fəaliyyət planının (BHFP) həlli İranın Qərblə müxtəlif sahələrdə əməkdaşlıq etmək üçün qapılarını kifayət qədər geniş şəkildə açacaq.

- Hazırda İran rəhbərliyində iki ən yüksək vəzifəni azərbaycanlılar tuturlar. Bunlar ayətullah Əli Xamenei və Prezident Məsud Pezeşkiandır. Bu, İranın azərbaycanlı əhalisinə nə verə bilər?

- Heç nə. Amma İranın siyasi elitasında iki aparıcı şəxsin azərbaycanlı olması artıq bu ölkənin azərbaycanlı əhalisinin İranın siyasi və iqtisadi həyatında özlərini heç də pis hiss etmədiklərini göstərir. Amma bu, əlavə heç nə vermir. Azərbaycanlı olmalarına baxmayaraq, onlar da iranlıdırlar. Bunu hər yerdə, hətta Pezeşkianın İranın səhiyyə naziri və ya parlamentin spikeri vəzifəsini icra edərkən etdiyi çıxışlarda da görmək olar. İndi söhbət İranın etnik komponentindən yox, İranın bir ölkə kimi gələcəyindən gedir. Hakimiyyətdə kimin olmasının fərqi yoxdur - azərbaycanlı və ya başqa millətin nümayəndəsi. Əsas odur ki, hansı siyasəti aparacaq. Çoxlarının prezidentin heç nəyə qərar vermədiyini iddia etməsinə baxmayaraq, prezident vəzifəsi böyük imkanlar yaradır. Əslində, o, çox şeyə qərar verir. Əgər biz İranla Azərbaycan arasında münasibətlərin necə olacağından danışsaq, düşünürəm ki, yaxın gələcəkdə heç bir xüsusi dəyişiklik görməyəcəyik. Çox şey İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə birgə hərtərəfli fəaliyyət planı ilə bağlı hansı mövqe tutacağından asılı olacaq.

- Yeni prezidentin dövründə İranda Azərbaycan məktəbləri açıla bilərmi? Bu barədə Pezeşkianın danışdığı bildirilir...

- Hər şey sırf Azərbaycan məktəblərinə İranın azərbaycanlı əhalisinin nə qədər ehtiyac duymasından asılıdır. Amma belə bir diskurs olarsa, o zaman fürsət yaranacaq. Sadəcə olaraq, sual yaranır: Azərbaycan məktəbini bitirən məzun Azərbaycan dilində olan ali təhsil müəssisəsinə daxil olmaq qərarına gəlib, belə çıxır ki, bunun üçün onun Bakıya getməsi lazımdır, çünki İranda bu mümkün deyil. Azərbaycan dilinin ikinci dil olması ilə əlaqədar məktəblərin olması isə başqa məsələdir. Bu, bütün sualları aradan qaldırır və bunun üçün hüquqi əsas var. Hər halda, bu, müzakirə edilməli olan vacib bir mövzudur.

- Siz artıq İranla Azərbaycan arasında münasibətlər mövzusuna toxunmusunuz, bu söhbəti davam etmək də olar. İranın ali dini rəhbəri Əli Xamenei yeni Prezident Məsud Pezeşkianı helikopter qəzasında həlak olan sələfi İbrahim Rəisinin kursunu davam etdirməyə çağırıb. Son ilyarım ərzində Rəisi Azərbaycanla mehriban qonşuluq siyasəti yürüdüb. Belə çıxır ki, Xamenei Pezeşkiana Azərbaycanla dost olmağı tapşırıb?

- Bəli və bu məntiqlidir. Prezident seçkisində kimin qalib gəlməsindən asılı olmayaraq, Bakı ilə münasibətlərin yaxşılaşdırılması siyasəti davam etdirilməli idi. Unutmayaq ki, İran Rəisinin dövründə Ermənistanla fəal şəkildə əlaqələr qururdu. Bütün bunlar təbii prosesdir.

Burada regional məsələlərlə heç bir əlaqəsi olmayan başqa bir məqam var. Rəhbər deyib ki, Məsud Pezeşkian Rəisinin siyasətini davam etdirəcək, lakin yeni prezidentin bunu etməyəcəyini bilirik. Onu, əslində, məhz buna görə təsdiq ediblər. Rəisinin siyasəti Qərbə pəncərəni bağlamaq idi, lakin İranın mənəvi rəhbərliyi bundan məmnun deyildi. Ona görə də, artıq dediyim kimi, bu istiqamətdə dəyişikliklər olacaq. Rəisinin Qərbə qarşı mirasına yenidən baxılacaq. Amma bu o demək deyil ki, İranın Cənubi Qafqaz siyasəti dəyişəcək.

Nair Əliyev

0.048496007919312