Stadionsuz qalan klublar nə fikirləşirlər? - AÇIQLAMA

"COP29"a görə Olimpiya Stadionunun təmirə bağlanması üzündən meydansız qalan komandalar axtarışlara başlayıblar.

"Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov hakimiyyet.az-a açıqlamasında stadion məsələsini təlim-məşq toplanışından qayıtdıqdan sonra həll edəcəklərini bildirib.

"Bizdən başqa iki komanda da burada məşq edirdi. İndi "COP29"a görə stadion təmirə bağlanır. Təlim-məşq toplanışına yollanacağıq və gəldikdən sonra bu məsələnin həlli üçün çalışacağıq. Çox böyük ehtimalla məşqlərimizi "Dalğa Arena"da keçəcəyik".

Bu barədə hakimiyyet.az-a açıqlama verən "Turan Tovuz" klubunun mətbuat katibi Süleyman Tağıyev bildirib ki, komanda hazırda Qəbələdə təlim-məşq toplanışı keçirir, stadion məsələsi ilə bağlı axtarışlar aparılır.

"Hazırda Qəbələ şəhərində təlim-məşq toplanışı keçiririk. Olimpiya Stadionu təmirə bağlandığı üçün yeni stadion axtarmalı olacağıq. Bu məsələni təlim-məşq toplanışlarımız başa çatmamış həll etmək barədə düşünürük".

Xatırladaq ki, Olimpiya Stadionu noyabrda ölkəmizdə keçiriləcək "COP29" tədbiri ilə əlaqədar olaraq təmir üçün bağlanacaq. Sayca 29-cu olan tədbirin hazırlıqlarına indidən start verilib və bu proses dekabra qədər davam edəcək.

Anar Həsənov

0.039283990859985