"Pakistan Azərbaycan üçün önəmli dövlətlərdən biridir, Pakistan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana siyasi dəstək göstərib".
Bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB kanalının efirində yayımlanan "Gündəm" verilişində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin Pakistana dövlət səfəri və ölkə liderinin yüksək səviyyədə qarşılanması onu deməyə əsas verir ki, rəsmi İslamabad da Azərbaycanla əlaqələrə xüsusi önəm verir:
"Pakistan xalqı da Azərbaycanı dəstəkləyir. Pakistanla onsuz da çox yüksək səviyyədə olan münasibətlərimiz bu səfərdən sonra daha da inkişaf edəcək. Səfər çərçivəsində iqtisadi əlaqələrin inkişafı üçün müəyyən addımlar atılacaq".
F.Hüsəynəliyev, həmçinin müdafiə sahəsində əlaqələrdən də danışıb: "Pakistanın güclü ordusu və müdafiə sənayesi var. Səfər çərçivəsində əlbəttə, müdafiə sənayesi sahəsində əlaqələr də müzakirə olunacaq".
Direktorun sözlərinə görə, bu səfərdən sonra qarşılıqlı əməkdaşlıq daha da güclənəcək:
"Pakistanla əlaqələrin inkişafı isə praktik müstəviyə keçir. Azərbaycanın Pakistanla əməkdaşlığı üçüncü ölkəyə, o cümlədən Hindistana qarşı deyil. Hindistan Azərbaycandan heç bir təhdid görə bilməz. Buna baxmayaraq, Hindistan Ermənistanla əməkdaşlığı inkişaf etdirir və bu əməkdaşlıq kommersiya üzərində qurulur. Hindistanın Ermənistana satdığı silahların çoxu heç Hindistanın özündə də düzgün sınaqdan çıxmayıb. Yəni Ermənistan bir növ bu ölkənin silahlarının sınaq məkanıdır".
Agentlik rəhbəri Cənubi Qafqazdakı mövcud durum barədə də danışıb: "Elə məsələlər var ki, Azərbaycan onların üstündən heç cür keçə bilməz. Onlardan biri də Azərbaycana qarşı ərazi iddialarıdır. "Gallup" analitik mərkəzinin sorğusunun nəticəsinə görə, Ermənistan əhalisinin əksəriyyəti konstitusiyasının dəyişdirilməsinin əleyhinədir. Hətta belə bir fikir var ki, Qarabağ məsələsi hələ bitməyib və gələcəkdə bu məsələyə qayıtmaq lazımdır. Yəni bu o deməkdir ki, gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, bu mövzuya yenidən qayıda bilərlər. Ona görə də konstitusiya dəyişikliyi nəticəsində ərazi iddialarından imtina bizim üçün əsas şərtdir".
O bildirib ki, Ermənistan sülh üçün tələsir: "Amma bunun üçün konstitusiya dəyişikliyi şərtdir. Əks halda sülh uzunmüddətli olmayacaq. Bizə isə qısamüddətli sülh lazım deyil. Əslində biz Ermənistanın daxili işlərinə qarışmırıq. Sadəcə özümüzə qarşı təhdidlərin aradan qalxmasını istəyirik. Ermənistanda baş nazir Nikol Paşinyan başa düşür ki, kənar güclər hansısa yolla hakimiyyəti dəyişə bilər. Ona görə də sülh üçün tələsir ".
F.Hüseynəliyev diqqətə çatdırıb ki, Azərbaycan xarici siyasətində region dövlətlərinin də maraqlarını nəzərə alır: "Ona görə də heç bir region ölkəsi Azərbaycanın addımlarından narazı deyil. Amma Ermənistan Qərbə inteqrasiya edir. Bu isə İran və Rusiyanı narahat edir. Bu gün İran üçün əsas təhdid Ermənistandan gələ bilər. Rusiyanın da Ermənistana qarşı addım atmaq üçün ciddi imkanları var. Rusiya hələ ki, bunlardan istifadə etmir və bəyanatlarla kifayətlənir".