"Ümid edirik ki, tezliklə Azərbaycan və Ermənistan arasında daimi sülh əldə olunacaq".
hakimiyyet.az Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtondakı NATO Zirvəsindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
"Türkiyə olaraq bu barışı ürəkdən dəstəkləyirik. Zəngəzur dəhlizinin açılması bu sülh sazişini tamamlayacaq addımdır. Bu addımlar Azərbaycanın, Ermənistanın, Türkiyənin və regionun digər ölkələrinin rifahına və sülhə müsbət töhfə verəcək. Arzu edirik ki, belə müsbət cəhətləri olan qərarlar gecikmədən qəbul edilsin və lazımi tədbirlər görülsün.
Bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, bunlar yaxşı xəbərə çevriləcək. Ən qısa zamanda daimi sülhün bərqərar olması üçün digər ölkələrin də sülh prosesinə töhfə vermək baxımından oxşar yanaşması vacibdir. Biz İran prezidenti ilə görüşümüzdə Zəngəzur dəhlizini müzakirə etmədik. Biz yalnız onun bu seçkidə necə qalib gəldiyi ilə bağlı qiymətləndirmələr etdik. Biz Türkiyə-İran münasibətlərini çox fərqli nöqtəyə aparmaq istəyirik. Zəngəzur dəhlizi hər kəsə, xüsusən də Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji dəhlizdir", - Ərdoğan bəyan edib.