Hərbçi arvadını öldürən ərə HÖKM OXUNDU

Gəncədə qətl və oğurluq hadisəsi törətməkdə təqsirləndirilən Elşən Quliyev və onun tanışı, oğurluqda ittiham olunan Samir Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elşən Quliyev 13 il 6 ay və Samir Fərəcov isə 2 il 4 ay 4 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin mart ayında Gəncə şəhəri ərazisində qeydə alınıb. Belə ki, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Quliyevin həyat yoldaşı - Tovuz rayon Alakol kənd sakini, 1980-ci il təvəllüdlü Yeganə Hümbətova ilə aralarında mübahisə düşüb. Bu zaman əsəblərinə hakim ola bilməyən kişi həyat yoldaşının ürək nahiyəsinə bıçaqla zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisədən sonra Elşən Quliyev saxlanılıb və onun Samir Fərəcovla birlikdə bir neçə evdən oğurluq etdiyi məlum olub.

Xatırladaq ki, Yeganə Hümbətova Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) işləyirmiş. Məlumata görə qadının birinci həyat yoldaşı dünyasını dəyişib. O, 2022-ci ildə Elşən Quliyevlə evlənib. Yeganə Hümbətovanın birinci evliliyindən bir qızı, bir oğlu olub.

Cinayət materiallarında qeyd edilib ki, Elşən arvadını qısqanclıq zəminində öldürüb.

0.035710096359253