Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2024-cü il Avropa çempionatında qol fürsətlərini ən pis reallaşdıran futbolçuların siyahısında ilk yerdə qərarlaşıb.
hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə "WhoScored" statistika portalının hesabatından aydın olub.
Onun xG (gözlənilən qollar) göstəricisi -3,5 təşkil edib. AVRO-2024-də 39 yaşlı portuqaliyalı beş oyun keçirib və yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb. 1/8 final mərhələsində Sloveniya ilə matçda Ronaldu penaltini reallaşdıra bilməyib.
Turnirin qol fürsətlərini ən pis reallaşdıran 10 oyunçusu siyahısına, həmçinin almaniyalı Kay Havertz (-3,1), belçikalı Romelu Lukaku (-2,3), fransalı Kilian Mbappe (-2,0), niderlandlı Memfis Depay (-2,0), serbiyalı Aleksandar Mitroviç (-1,8), fransalı Antuan Qrizmann (-1,7), ispaniyalı Lamin Yamal (-1,5), danimarkalı Rasmus Höylunn (-1,5) və xorvatiyalı Ante Budimir (-1,4) daxil olub.
Qeyd edək ki, 17 yaşlı Yamal AVRO-2024-də ən yaxşı assistentə (dörd ötürmə) çevrilib və ən yaxşı gənc oyunçu mükafatını qazanıb.